Tural İsmayılov

Köşə yazarı

11:14 28 Yanvar 2019 2646
A- A+

Nəsimi Allahı və insanı o qədər çox sevirdi ki... - Tural İsmayılov yazır

Dəyərlər anlayışının tarixi spesifikası onun mahiyyətini anlamaqda əsas məğz idi. Dəyər anlayışına fəlsəfə və kulturologiyada müxtəlif aspektli baxışlar mövcud olmuşdur. Fəlsəfəçilər dəyərlər kultunu insanların və toplumların əsas genetik varlıq meyarı hesab edirdi. Kulturologiya dəyərlər prizmasına fəlsəfədən daha geniş yanaşırdı. Kulturoloqlar dəyərlərin aktuallığına fəlsəfədən daha çox inanırdı. Buna baxmayaraq fəlsəfənin təsirləri ilə ictimai şüurun yeni pillələrə qədəm qoyması ilə yenilikçilik baxışları zədələnməyə başladı. İndinin özündə belə dəyərlərin varislik əlaqəsinin psixoloji və mənəvi təsir rolunu küçümsəyən adamlara hər yerdə rast gəlmək olur və bu çox zərərli tendensiyalara səbəb olur.

Dəyər həm mahiyyət etibarilə, həm də özünün daşıdığı tarixi mövcudluq missiyası ilə xalqların ayaqda qalması və toplumların rifahı üçün əsas stimuldur. Dəyər anlayışına ən yaxşı yanaşmanı göstərən sosioloq Emil Dürkheymə görə dəyərlər insanların təklikdən qurtulub, bərabər şəkildə var olma mübarizəsinin əsas silahı idi. Dəyərlərlə bağlı Şəms Təbrizinin də insanı fikirdə var-gəllər etməyə səbəb olan yanaşması var idi. Dəyərlər insanların könül vəhdətini hörən bənna kimi qiymətləndirilirdi. Maddi dəyərlər bir xalqın toplumsal rifahına və gələcəyinə işıq idisə, mənəvi dəyərlər xalqları aşınmadan qoruyan, onları öz irsinə sahiblənməyə səsləyən nüans idi. Əlbəttə, dəyərlər anlayışının sosial yükünün məsuliyyəti artdıqca, bəzi uydurma klişeləri də bura calamağa çalışanlar olmuşdur və tarixin süzgəcindən əsl dəyərlər öz qiymətini almağı bacarmışdı.

Azərbaycanın fəlsəfi fikir tarixində ədəbiyyata və toplumun azadlıq hisslərinə əvəzsiz töhfələr həsr dən hürufilər də öz tarixi missiyasını başa vursalar da, onların şeiriyyatındakı ilahi hisslər, mübarizəsindəki dəyanət və aşıladığı insan sevgisi bir ömür boyu bu xalqın genetik yaddaşından silinməyəcək. Hürufiliyin tarixindən geniş bəhs etməyi düşünmürəm. Hürufilik günümzdə belə, həm dini-mistik çalarları, həm də fəlsəfi ağırlığı ilə mübahisələrə səbəb olmağı bacarmışdır.

Qərbdə mövcud olan numeroloji fəlsəfi baxışların rəqəmlər üzərinə köklənən tezisləri sonrakı dövrün riyazi tərəqqisinə səbəb olsa da, qərb ədəbi və dini dünyagörüşünün formalaşmasında heç bir rola malik olmamışdır. Spinoza numerologiyanı can verən meyidə bənzədərək, numeroloji araşdırmalar edən insanları darıxan kütlə deyə dəyərləndirirdi. Hürufilərdə isə baxış tam ayrı idi. Burda yalnız hərflərin dini mənaları açıqlanmır, həm də insan və yaradan münasibətlərinə fərqli baxışlar yer alırdı.

Şərqin düşüncə tarixindəki dövrü də heç çəkinmədən hürufilərə qədərki və hürufilərdən sonrakı dövrlərə bölə bilərik. Antik yunan filosofu Pifaqorda hərflərin fəlsəfi anlamının izahına cəhdlər olsa da, sonralar bu artıq düşüncə adanlarının və müxtəlif fikir axınlarının marağına səbəb olmurdu. İslam tarixində hərflərə yanaşma və qiymət vermə hələ Həzrəti Əli zamanından mövcud idi. Hərflər sözlərin nizamı sayılırdı. İslam fəlsəfəsində hərflər ayrıca millətlərdən əmələ gələn bir “millət” kimi qiymətləndirilirdi və hələ hürufilərə qədər buna bənzər baxışlar var idi.

Hürufilər istədikləri hərflərdən hər hansı bir nəticəni çıxarır, onu anlamağa sövq edirdi. Sözü insanın qalası hesab edən hürufi şairlər hərfləri sözün yaradıcısı, sözü isə hərflərin külliyatından doğan zinət hesab edirdilər. Allah da sözlərlə ifadə olunur və onun yaratdıqları da sözlərin cəmindən formalaşır. İslam fəlsəfi fikir tarixində hürufilərə qədər insana ilahi mıərtəbəyə çatma şansı tanıyan cərəyanlar çox az idi.

Sufilərin təkkələrində, xüsusilə ifrat sufi ordenlərində buna cəhdlər olmuşdu. İfrat sufilərin məhz insanı ilahiləşdirməsi, sonralar mötədil sufi qanadının onlardan ayrılmasına səbəb olurdu. Hürufilərin insanı azad varlıq kimi dəyərləndirməsi də öz dövrü üçün, şüur tarixində inqilabi situasiya idi. Hürufiyə görə insan həyatının dəyəri onun özlüyündə gizli idi. Özünü dərk edən insan həm də ağıllı və güclüdür.

Güclü olmayan insanın naqisliyi onun yaradılışına zidd idi. Zəif insan Allahla rabitəsini itirən varlıq hesab olunurdu və hürufinin insan fəlsəfəsinin mərkəzində yüksək insan şüuru dayanırdı. Hürufiliyin yüksək insan qiymətləndirməsinə Nitsşşenin fəlsəfəsində işarələr olmuşdu. Klassik qərb fəlsəfi cərəyanları hürufiliyi öyrənmiş və insan fəlsəfəsinə hürufilik güclü təsirlər göstərmişdi. Necə ki, sonralar fəlsəfə tarixindəki məktəblərdə poetik düçüncə tərzi formalaşırdı. Ədəbiyyat tarixini araşdıran tədqiqatçılar sözün şeiriyyat zirvəsini hürufilərdə görürdü. Hürufilik yalnızca bir məqsəd və fəlsəfi ideya mübraizəsi deyil, həm də poeziya savaşının adı idi.

Seyyid İmadəddin Nəsimi isə hürufiliyin intibah imzası idi. Fəzlullah Nəimi kimi hürufi lideri ilə tanışlıq onun sonrakı həyatının axışını dəyişdirmişdi. Nəsimiyə öz ardıcılları “eşqin cəsarət simvolu”, “məhəbbət fədaisi” adlarını verdi. Nəimi təsəvvüflə tanış etdiyi Nəsiminin içindəki sevda lirikasına bələd olduqdan sonra onu daha çox sevmiş və hürufiliyin ədəbi vəzifəsini Nəsimiyə həvalə etmişdi.

Təəsüf ki, Teymurilərin amansız basqılarından təngə gələn Nəsimi Azərbaycanı tərk etməyə məcbur qalmışdı. Nəsimin insan sevgisi sonralar Bursa və Ankaradakı Osmanlı əyanlarının da xoşuna gəlməmiş və bu böyük eşq fədaisi həm səyahətlərə məcbur qalmış, həm də ideyalarını yaymışdır.

Nəsimi Allahı və insanı o qədər çox sevirdi ki, Anadoluda onu “Allahlıq iddiasına düşən kafir” adıyla damğalamağa cəhd etmişdilər. Nəsimi insan simasında 32 hərfi oxuyaraq, şeirlərində bu fikiriləri qələmə alırdı. Vəhdət-i-vücud fəlsəfəsini dərindən mənimsəməsi Nəsimini həmişə dilləndirmiş və Nəsimi düşmənləri də onu rahatlıqla “zındıq” ibarələri ilə təzyiqə məruz qoymuşdu. Nəsimi hər yerdə hörmət qazanmış və sonralar başına gələn zülmlər gəzdiyi yerlərdə onu xalq qəhrəmanı zirvəsinə qaldırmışdır.

Nəsimi həm öz doğma ana dilini mükəmməl mənimsəmiş, həm də farsca divan şeirləri yazmışdır. Buna baxmayaraq, gəncliyində yaxşı təhsil alan Nəsimi ərəb dilinin də mahir bilicisi idi. Nəsimi mədrəsələrdəki klassik dərs sistemləri ilə heç vaxt barışmır və bu səbəbdən də, şərq texniki elmlərini də öyrənməyə cəhd edirdi. Özəlliklə qəzəllərində buna açıq-aşkar işarələr mövcud idi.

Nəsimin yaradıcılığını hürufiliklə çərçivələmək cəhdləri isə çox yanlışdır, çünki Nəsimi hürufiliyə qədər şeirlər yazırdı. Ədəbiyyatçılar bu baxımdan onun yaradıcılığını Nəimiyə qədərki və Nəimidən sonrakı dövrlərə bölürdü. Mövlananı sevən Nəsimi hürufi fəzlullahı olmadan öncə imamlara və islamın görkəmli isimlərinə şeirlər yazırdı. Nəsimi qəzəlləri ilə şöhrət qazanırdı. Lakin, o, məsnəvi və türk şeiriyyatının zirvəsi sayılan tuyuqlar da yaza bilirdi. Nəsimi şeiriyyatında Allaha sevgi o qədər dərin idi ki, Allah aşiqi olan insanları ilahi hesab edirdi.

Nəsimiyə görə insan xeyirin yüksək pilləsi olan Allahı dərk etməlidir və şərdən qaçmaq üçün mütləq onun sevgisi uğrunda “yanmağı” bacarmalıdır. Nəsimi həqiqi yolu mənəvi bihuş olmaqda görürdü. Nəsimi müəllimi Nəimini çox sevmiş, eyni zamanda sufi Həllac Mənsurdan da təsirləndiyini öz şeirlərində büruzə verirdi. Bu günümüzdə də, bir çox yaradıcı və fərqli fikirli insanın əsas problemi olan ailə dedi-qoduları Nəsimidən də yan keçmirdi. Qardaşı Nəsiminin ideyalarına etinasız yanaşır və onu ehtiyyatlı olmağa səsləyirdi. Nəsimi qardaşının məsuliyyət və narahatlıq hissini anlasa da, qardaşına cavab şəkilində qələmə aldığı qəzəllərində onu ilahi eşq və səadət yolunda məhrumiyyətlərdən çəkindirməməyə çağırırdı.

Nəsimi öz inancına və düşüncəsinə o qədər bağlı olmuşdur ki, son anına qədər yaradıcılığında bir dənə də olsun mövqeyinə təəssüf hissi ehtiva edən nümunəyə rast gəlinmirdi. Nəsimi cahilliyə nifrət edirdi. Hürufiliyi öyrənmək istəyən gənc şairlərə təbiətşüaslıq dərsləri keçdiyi bilinməkdə idi. Onun öz dövrü üçün sülh və ədalət nitqləri sonralar onun davamçılarının əsas tezisləri olur. Nəsimi insanın neqativ tərəfini və meyillərini də orijinal izah edirdi. Nəsimi şəri təmsil edən insanları daxili vicdan etalonu ilə qiymətləndirsə də, insanın pis əməllərini onun dünyanın qaranlıqdakı çarpışmasından törəyən tərəfi hesab edirdi. O insanları ürfana və saflaşmağa çağıraraq, pis hisslərdən təmizlənməni mənvi kamillikdə həll edici hesab edirdi. İnsan öz hürriyyətinə öz vicdanı və məhrumiyyətləri ilə çata bilərdi.

Nəsimi həm də Azərbaycan fəlsəfi düçüncə pilləsində metafizik məsələlərə əsaslı toxunmağa cəhd edən ilk mütəfəkkirlərdən idi. Baxmayaraq ki, Əfsələddin Xaqani və Nizami Gəncəvi yaradıcılığında buna cəhdlər olmuşdu. Nəsiminin özəlliyi mistikanı şeiriyyatdan çıxara bilməsində idi.

Nəsiminin dərisinin diri-diri soyulması fəlsəfə tarixinə və ədəbiyyata vurulan mənəvi zərbə oldu. Bu cinayət hadisəsi Nəsiminin cismini yerdən ayırsa da, onun ədəbi gücü və söz dühası heç bir zaman yaddaşlardam silinmədi. Nəsiminin ibrət aldığı Həllac Mənsur və işraqilik fəlsəfəsinin yaradıcısı Sührəverdi ideyalarına bağlılığı da onu öz yoluna sədaqətli olmaqda möhkəm etmişdi.

Nəsiminin aktuallığı onun sevgi hissinin incəliklərini çözməsində idi. Texniki tərəqqinin insani duyğuları tərəzidə laxlatmağa çalışdığı indiki fərdiyyətçi dünyada Nəsimi qəzəlləri bir daha insan qəlbini ovsunlamağı bacarır. Nəsiminin bu qəzəli indiki dövrün saxta sevgilərinə necə də gözəl zərbə vurur:

Can еşqə düşdü, еy könül, yarəb, nədir tədbirimiz?

Can nеyləsin, biçarə, çün həqdən budur təqdirimiz.

Mişkin saçın еşqi bizi zəncirə çəkdi, bağladı,
Yə’ni ki, biz məcnunlarız, şol həlqədir zəncirimiz.

Saqi ləbindən doğmuşuz, yə’ni ki, bеydən lam ilə,
Fitrət günündən ta əbəd şol dayədəndir şirimiz.

Şol gözlərin kirpiginə aşiq nеcə sеyd olmasın,
Gör kim, nə yaydandır gələn şol zəхmə mərhəm tirimiz.

Çün qirü qarın qiymətin mə’nidə bildin kim, nədir,
Kafura döndü qarımız, həm ənbər oldu qirimiz.

Еşq əhli iqlimində çün hüsnündür, еy dilbər, məlik,
Hökmünə məhkum olmuşuq, sultanımızdır, mirimiz.

Qur’andır anın surəti, aydır Nəsimi, şək dеgil,
Münkir əgər yoх dеrisə, uş müshəf, uş təfsirimiz.

Ya da bu möhtəşəm qəzəldəki rəvanlıq insanı həqiqətən titrətməyə qadirdir. Nəsimi dünyasının incəlikləri hər beytdə özünü büruzə verir.

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir,

Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.

Qandadır deyü nə sərgərdan gəzərsən zənn ilən,
Gəzməgil hər mənzili çün can məkanı səndədir.

Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir.

Bülbüli-qüdsi isən ayrı gülüstan gözləmə,
Seyrə çıx, ruhul-əminin gülüstanı səndədir.

Yeddi müshəfdir yüzün, iştə qiraətlən tamam,
Alim ol ol səbadan, çün səbagani səndədir.

Nəsimi Azərbaycan fikirində dəyərdir və onun yaradıcılığı ilə keçdiyi həyat yolu bu xalqın tarixi sərvətidir. Dəyərləri isə daim yaşatmaq xalqın üzvlərinin öz tarixi qarşısında mənəvi borcudur.

Tural İsmayılov/Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI