Sevinc Xan Qızı

Köşə yazarı

16:27 10 İyul 2018 3835
A- A+

Kömək əvəzinə “gedək, içək” dedilər...

İl 2017. Mövludun ölüm xəbərini alıram. Qəribədir ki, heç vaxt üzünü görmədiyim bir insanın vaxtsız gedişinə o qədər sarsılıram.

Onu dostlarının, iş yoldaşlarının statuslarından tanımağa başladım. Ancaq bunu düşünürdüm: “Görəsən, bu qədər sevildiyini bilsəydi, yenə edərdi?” Axı bu qədər sevilən insan niyə canına qıysın ki?

Ya da hamının yaxşı tanıdığı, yüzlərlə insanı depressiyadan çıxaran, həyatı sevdirən Dəyanət Rzayevin “Məni bağışlayın” yazıb getməsi...

Nə Dəyanət, nə Mövlud, heç biri dünyadan gedəndə bizdən icazə almadı. Bütün sirləri özləri ilə aparıb getdilər. Eləcə də keçən il binamızda özünü asan 17 yaşlı qızla Şamaxıda evinin həyətində musiqi sədaları altında həyatla vidalaşan 17 yaşlı oğlan... Onlar ölümləri ilə kimə cəza vermək istəyirdilər? Yəqin ki, saatlarla başını daşa çırpıb huşunu itirən ata mənzərəsini görəndə bu barədə daha çox düşünürsən...

Ondan sonra “İntihar zəif insanların işidir” deyimi ilə heç vaxt razılaşa bilmirsən. Necə zəif olasan ki, çöldə qarışqanı incitməyə qıymazkən, günahını, hansısa riskləri gözə almaqla buna ürək edəsən.

Yaxşı bəs, həqiqətənmi məqsəd birdəfəlik vidalaşmaq idi? Onlar hamısı birdəfəlik ölümümü seçdi, ya biz onların imdad dirənişini görməzdən gəldik?

Onları biz - cəmiyyət qınaq obyektinə çevirdik. Ya da qınanılmamaq üçün bu yolu seçdilər.

Hər zaman deyirəm: insan nəyə layiqdirsə, o həyatı yaşayır. Çünki şüuru, ağlı ilə düşünüb, öz yolunu seçə bilir. Amma bəziləri anadan bədbəxt olur. Bəzilərini isə cəmiyyət bədbəxt edir. Onu anlamayan, qınayan, məsuliyyətlə yükləyən həyat yoldaşı, sevgili, valideyn, iş yoldaşları, sıxan, incidən, övladı qarşısında boynubükük qoyan cəmiyyət... Üst-üstə yığılan faizlər, bank borcları, işsizlik, hətta insansızlıq...

İnsanı ən çox insansızlıq öldürür. İnsan ən çox əlindən tutub onu həyata qaytaracaq insanları görməyəndə dünyadan gedir. Xəyalları qırılanda, çoxluq içində boşluqda qalanda... O an sənin yaşadığın travmaları anlayacaq bircə nəfər olmayanda gözünə heç nə görünmür. Telefon kontaktındakı yüzlərlə adam içindən sorğusuz-sualsız səni dinləyəcək, anlayacaq neçə nəfərin var? Bax onların sayı nə qədərdirsə, sahib olduqların da odur.

Yoxsa ki, nəyimə lazım mən olmayandan sonra məni qınayacaq cəmiyyət, dost-tanış?!

Heç kim ölümə gülə-oynaya getmir axı...

Buna ən böyük nümunə yazıçı Kənan Hacıdır. Adam dəfələrlə işsiz, maddi çətinlikdə olduğunu yazdı, ictimailəşdirdi. Mövluddan sonra intihar anonsu verib, çıxıb getdi. Beləcə hamının yadına düşdü. Dövlət qiymətləndirdi, ev verdi. Di gəl, 4 divar arasında oturub ailə saxlamaq da olmur. Onun da vəziyyətini elə “evinin içi” olan yaxın dostları bilirdi. Qısa müddətli işlə təmin olundu, hazırda yenə işsizdi. Yəqin ki “dost”ları, səlahiyyətli biriləri yenə gözləyir ki, yaxşı adam intihar anonsu verməz, elə gedər intihar edər! Yaxşı adam “mənə iş verin, ailəmi dolandırım” da deməz, yaxşı adam qapısını bağlayıb, acından ölər!

Bu da Cəlil Cavanşir...

Son 3 ildir həyatımın ən ağrılı xəbərlərini yuxuda alıram. O zəhrimara qalmış telefon çalır və o zəngdə ən dəyərlilərimi bir-bir itirirəm. Ona görə də yuxudan oyadan bütün telefon zənglərinə nifrət edirəm.

Cəlilin intihara cəhd xəbəri də belə idi. Daha doğrusu, xəbər yanlış verilmişdi. “Cəlil canlı yayımda intihar etdi”, - deyildi.

Cəlil dəfələrlə intihara cəhd etdiyini özü də deyib. Düzü, heç mən də bunu o qədər ciddi hesab etmirdim. Son 1 ildə elə bilirdim, o adam elə intihara doğru gedən yolu sevir, adi qəbul edir, amma ətrafındakı hər kəsi də bundan qorumağa çalışır. Amma həmin ətrafın əksəriyyəti “problemin varmı, nə kömək edək” demək yerinə, “şair, gedək içək” dedi. Bəlkə də onun sadəcə dinlənilməyə ehtiyacı var?! Amma dost dediklərindən 2 gündə neçə nəfər Cəlili sildi? Bəs neçə nəfər onun bu vəziyyətə düşməsində az da olsa özünü qınadı?

İntiharı hansısa formada dəstəkləmək, ya haqq qazandırmaq əsla olmaz. Ən azından bizim işimiz deyil. Eləcə də onları tamamilə cəmiyyətdən təcrid etmək, qınamaq, aşağılamaq da insanlıqdan deyil.

Amma ən azından bu intiharlar, ya intihara cəhdlər hamımızı az da olsa silkələyir. Ətrafımıza, həyatımızdakı insanlara daha çox vaxt ayırmalı olduğumuzu yada salır.

Elə intiharla bağlı məlum statusumdan sonra məni otağına çağırıb, dəfələrlə “Necəsən?” sualını verib, mövzuya necə başlayacağını düşünən redaktorum kimi. İşlərin çoxluğundan çoxumuzun üzünü günlərlə görməyən, hətta övladlarına saytından daha az vaxt ayıran biri də qınayırdı özünü, “sizə vaxt ayıra bilmirəm” deyirdi.

Təki bizi bu intiharlar silkələməsin, ailəmiz, ailə bildiyimiz əzizlərimizin bir gün yox olma düşüncəsi sadiq saxlasın.

Bir də məndən sizə məsləhət (böyük çıxmasın), elə ki gördünüz ölürsünüz, çıxın gedin. Uzaqlaşın... Sizi sıxan, incidən, anlamayan cəmiyyətdən müvəqqəti də olsa, uzaqlaşın. İnsanlara sevgi verin, bol gülümsəyin, yaxşılıq edin, özünüzü faydalı hiss edin. İnsan ən çox faydasız hiss etdiyində əlini həyatdan üzür...

İntihara cəhd əslində bir kömək hayqırışıdır. Bu hayqırışa səssiz qalmayın. Bəzən tanımadığınız birinə də vaxtınızı ayırın, dəstək olun. Faydalı olmaq, həyat enerjisi vermək sizə daha çox yaşam enerjisi qatacaq.

Bir də çalışın həyatda hədəfiniz olsun. Məsələn, deyin ki, mən Seattle görməmiş, niyə ölməliyəm? Gördünüz ki, yaşaya bilmirsiniz, yaşatmağa çalışın. Əgər hər qaranlığın aydınlığa çevrilən səhəri varsa, səhəri gözləmədən getmə istəyi nəyin lüksüdür?/ Axar.az

Sevinc Xan Qızı

RƏYLƏR

DİGƏR KÖŞƏ YAZILARI