​“Qapını açmasaydılar, bəlkə də jurnalist olmayacaqdım” - Qabil Babayevlə MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayevdir.

Metbuat.az Qabil Babayevlə olan müsahibəni təqdim edir:

- İstərdik ki, söhbətimizə uşaqlıq illərinizdən başlayaq...

- 1981-ci ildə İsmayıllı rayonunun Qalacıq kəndində dünya gəlmişəm. Uşaqlıq illərim kəndimizdə keçib. Ailədə 5 uşaq olmuşuq, yaşca ən kiçiyi mən olmuşam. Çox zəhmətkeş, çalışqan bir uşaqlıq dövrüm olub. Həm dərslərimi yaxşı oxumuş, həm də təsərrüfat işlərində valideynlərimə kömək etmişəm. Valideynlərimin heç birinin ali təhsili olmayıb, lakin onlar övladlarının hər birinin orta məktəbdən sonra təhsil almalarına şərait yaradıblar.

- Məktəb illərinizdən danışaq. Necə şagird olmusunuz?

- Onuncu sinfə kimi Qəbələ rayon Məmmədağalı kənd natamam orta məktəbdə təhsil almışam, X-XI sinifləri isə İsmayıllı rayon Qalacıq kənd orta məktəbində oxumuşam. Yuxarıda qeyd etdiyim kimi, dərslərimi çox yaxşı oxumuşam, məktəb əlaçısı olmuşam. Məktəb vaxtı yaşca özümdən böyük siniflərdə oxuyan şagirdlərin tapşırıqlarını həll edirdim. Buna görə müəllimlərim tərəfindən tez-tez onlara örnək göstərilirdim. Müəllimlərim bu gün də həmin inşa və rəsm dəftərlərimi şagirdlərə nümunə göstərirlər. Məktəb vaxtı dərslərimi yaxşı oxumaqla yanaşı, gözəl əl qabiliyyətim də var idi. Çox yaxşı rəsmlər çəkə bilirdim. Təəssüf ki, o, bacarıq indi qalmayıb. Çünki həmin istiqamət üzrə üzərimdə işləyə bilmədim. Məktəb vaxtı işlətdiyim dəftər, kitab və gündəliklərimin hamısı bu gün arxivimdə qalır.

Maraqlı bir hadisəni də danışım. Bir dəfə riyaziyyatdan çətin məsələ həll etmişdim. Sinif yoldaşlarım məndən köçürdükləri üçün tapşırığın cavabı hamımızda eyni idi. Müəllim tapşırığın cavabının mənim dəftərimdən köçürüldüyünü bilib, hamımıza 2 yazmışdı. Amma mən bunu qəbul edə bilmirdim. Bu səbəbdən evə çatmamış gündəliyimdəki ikini sildim. Lakin sonradan evdə bunu bildilər və mən hadisəni olduğu kimi danışdım.

X sinfədək dəqiq fənləri çox yaxşı oxumuşam. Müəllimlərim mənə həkim olmağı tövsiyə edirdilər. Lakin mənim arzum böyüyəndə hüquq-mühafizə orqanlarında çalışmaq idi. Ali məktəbə daxil olanda da bu sahə üzrə ixtisaslara üstünlük vermişdim, amma jurnalistika fakültəsinə düşdüm. Əslində, o vaxt jurnalist olmaq istəmirdim. Hətta kiçik yaşlarımda atam televizorda danışan diktorları göstərərək mənə deyərdi: “Sən böyüyəndə onlar kimi danışa bilərsən?”. Mən isə həvəsində olmadığım üçün atamın bu sözlərinə reaksiya verməzdim. Amma orta məktəbi bitirən il, yəni 1998-ci il Bakı Dövlət Universiteteinin Jurnalistika fakültəsinə daxil oldum.

- Tələbəllik illərinizlə bağlı hansı maraqlı xatirələriniz var?

- Əvvəlcə universitetə daxil olmağımla bağlı maraqlı bir hadisəni qeyd etmək istəyirəm. Qəbul imtahanının nəticəsi məni çox məyus etmişdi. Çünki istəmədiyim bir fakültəyə, Jurnalistikaya qəbul olunmuşdum. Həmin ixtisas üzrə təhsil almaq istəmirdim, amma valideynlərimə də bunu deyə bilmirdim. Bilirdim ki, onlar mənim bu qərarımla razılaşmayacaqlar. Buna görə də qəbul imtahanının nəticəsi məlum olandan sonra sənədlərimi universitetə təqdim etmək üçün Bakıya gəldim, lakin universitetdə qeydiyyatdan keçmədən rayona qayıtdım. Çünki jurnalist olmaq istəmirdim. Fikirləşirdim ki, növbəti il yenidən imtahan verib, istədiyim ixtisas üzrə təhsil alaram. Şübhəsiz ki, sənədləri universitetə təqdim etməməyimdən heç kimin xəbəri yox idi. Günlər keçdikcə sevinirdim. Lakin universitetdə son qeydiyyat gününə bir gün qalmış, yəni avqustun 30-da qardaşımla söhbət zamanı təsadüfən özümdə sirr saxladığım bu məsələni açıqladım. Bundan sonra evimizdə dərhal toplantı oldu və mən qardaşımla birlikdə sənədləri universitetə təqdim etmək üçün Bakıya gəlməli oldum.

Avqustun 31-i səhər tezdən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin yerləşdiyi korpusun qarşısında idik. Amma yeni tədris ilinə hazırlıqla əlaqədar binaya baxış keçirildiyi üçün bizi içəri buraxmırdılar. Mən içəri buraxılmamağımıza görə çox sevinirdim. Təxminən 2-3 saatdan sonra bizi binaya buraxdılar. Sürətlə Jurnalistika fakültəsinin yerləşdiyi 5-ci mərtəbəyə qalxdıq. Həmin vaxt fakültənin dekanı Akif Rüstəmov və müavini Əli Hacıyev otağın qapısını bağlayıb, gedirdilər. Qardaşım onlara yaxınlaşdı və vəziyyəti danışdı. Xahiş etdi ki, məni həmin fakültəyə qəbul etsinlər. Onlar qapını yenidən açıb, sənədlərimi qəbul etdilər.

Tələbəlik illərində həm dərslərimi oxuyur, həm də qəzetlərdə işləyirdim. İkisinin də öhdəsindən gəlirdim. İşləməyim oxuduqlarımı daha dərindən mənimsəməyimə kömək edirdi.

- Bu gün Jurnalistika fakültəsində təhsil almanıza səbəbkar olmuş şəxslərə təşəkkür edirsinizmi?

- Əlbəttə. Xüsusilə qeyd etmək istəyirəm ki, həmin gün Akif müəllim və Əli müəllim qapını açmasaydılar, bəlkə də bu gün jurnalist olmayacaqdım. Ən yaxşı halda isə bir il geri düşmüş olacaqdım.

- Hansı işlərdə çalışmısınız?

- 1999-cu ildən jurnalistika sahəsində çalışmağa başlamışam. Həmin ildən 2005-ci ilədək müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə Yevlax TV MMC-də (hazırki ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələri üzrə müavini olmuşam. 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarsəinin İctimaiyyətlə əlaqələr sektorunda böyük məsləhətçi işləmişəm. 2018-ci ilin may ayından isə “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriyəm.

Vaxtilə bu sahəni istəməsəm də, indi ayrıla bilmirəm. Jurnalistika həyatımın ayrılmaz hissəsinə çevrilib. Hətta müəyyən səbəblərlə bağlı bir dəfə bu sahədən ayrılmaq istədim və getdim, amma 1-2 aydan sonra anladım ki, başqa sahədə işləyə bilmərəm və yenidən jurnalistikaya qayıtdım. Bəlkə də hansısa başqa bir sahədə özümü göstərə bilərdim. Lakin jurnalistikaya olan sevgi məni başqa sahəyə getməyə qoymadı.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Boş vaxtlarımda dostlarla görüşürəm, övladlarımın təlim-tərbiyəsi,asudə vaxtlarının təşkili ilə məşğul oluram. Kitab oxumağa həvəs göstərirəm, gəzintiyə çıxıram və s.

- Daha çox hansı kitabları oxumağı sevirsiniz?

- Kitab oxumağa həvəsim çoxdur. Sadəcə vaxt azlığı daha çox kitab oxumağıma imkan vermir. Konkret hansısa bir yazıçının əsələri üzərində dayanmıram. Dünya ədəbiyyatından, yerli yazarlardan oxuyuram. Klassik yazarlara üstünlük verirəm. Onların əsərlərindən nəyisə götürməyə çalışıram. Həmçinin, elmi kitablar oxuyuram. Gün ərzində KİV-i izləyərəkən, qarşıma çıxan maraqlı köşə yazılarını oxuyuram

- Köşə yazırsınız?

- Jurnalist fəaliyyətim dövründə bir dəfə də olsun köşə yazmamışam. Mənə elə gəlir ki, köşə yazısını hər kəs yazmamalıdır. Köşə yazısında müəyyən ideya, fikir olmalıdır. Yaxud, hansısa bir hadisəyə daha ciddi və fərqli aspektdən baxış olmalıdır. Yəni, bu, o demək deyil ki, məndə həmin baxış və digər keyfiyyətlər olmayıb. Sadəcə, köşə yazmamışam. Bu gün yaxşı köşə yazarlarımız var. Onların yazılarında yeni ideyalar, fərqli yanaşmalar görürəm.

- Müasir dövr mətbuatı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

- Ölkəmizdə fikir azadlığı mövcuddur, hər kəs sərbəst şəkildə sözünü deyə bilir, ölkə gündəminə təsir edə biləcək güclü KİV var. Ayrı-ayrı qəzet və saytların gücü isə fikrimcə, onların imkanları ilə ölçülür. Bu baxımdan, bütün həmkarlarıma yalnız uğur arzulayıram.

- Sosial şəbəkələrdə aktivsiniz?

- Sosial şəbəkələrdəki fəaliyyətim əsasən iş aspektindədir. Bilirsiniz ki, “BakuBus” MMC sosial şəbəkələrlə aktiv şəkildə işləyir. Xüsusilə, vətəndaşlar Feysbuk, İnstaqram vasitəsilə “BakuBus” MMC-yə müraciət edə bilir, cavab alır və s. Bu baxımdan sosial şəbəkələrdə vaxtımın əsas hissəsini bu işlərə sərf edirəm.

- İdmanla məşğul olursunuz?

- İdmanla bir neçə dəfə məşğul olmağa çalışmışam. Üzgüçülük, aykido və ağırlıqqaldırma idman növləri üzrə məşqlərə yazılmışam.Amma bunların heç birinin ömrü bir aydan çox çəkməyib. Məsələn, üzgüçülüyə getdiyim yer bir aydan sonra təmirə bağlanıb. Daha sonra ağırlıqqaldırma idmanı üzrə məşq etdiyim Olimpiya Kompleksi yerləşdiyi ərazidən başqa yerə köçməli olmuşam. Ən sonda aykido üzrə məşqlərə başlayandan bir neçə həftə sonra ağır qəza keçirmişəm. Bir sözlə, idmanla mənimki alınmır.

- Jurnalist fəliyyətiniz dövründə mətbuat katibləri ilə münasibətləriniz necə olub?

- Əlbəttə ki, jurnalistlərin işi mətbuat katibləri, mətbuat katiblərinin işi də jurnalistlərlə birbaşa əlaqəlidir. Bu baxımdan mətbuat katibləri və jurnalistlər arasında normal, anlaşıqlı münasibətlərin olması vacib məsələlərdəndir. Mən də jurnalist kimi fəaliyyət göstərdiyim vaxtlarda işlədiyim sahələr üzrə müvafiq qurumların mətbuat katibləri ilə daim əlaqə yaratmışam və onlarla normal münasibətim olub. Bugünkü fəaliyyətimlə bağlı isə deyə bilərəm ki, “BakuBus” MMC mətbuata açıq bir qurumdur. Yəni, jurnalistlərin bütün suallarını cavablandırmağa hazırıq. Bacardığımız qədər də bunu edirik. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən də xahiş edirik ki, “BakuBus” MMC ilə bağlı hər hansı bir məsələ olduqda, bizə müraciət etsinlər. Mətbuatda birtərəfli məlumatların yer almasına yol verməyək.

- “BakuBus” MMC-yə məxsus avtobuslardan sərnişin kimi istifadə edirsiniz, yoxsa şəxsi avtomobiliniz var?

- Demək olar ki, hər gün “BakuBus” MMC-yə və digər daşıyıcılara məxsus avtobuslardan, eləcə də metrodan istifadə edirəm. Şəxsi avtomobilim isə yoxdur.

- İctimai nəqliyyatda qarşılaşdığınız hansısa hallar sizdə təəssüf hissi yaradır?

- 2015-ci ilədək “BakuBus” MMC fəaliyyət göstərmirdi. “BakuBus” MMC-nn bugünkü xidmətini göstərən başqa daşıyıcı da yox idi. 2015-ci ildə “BakuBus” MMC-nin fəaliyyətə başlaması ilə ictimai nəqliyyatda yenilik oldu. Bu yeniliklər isə getdikcə daha da təkmilləşməkdə və genişlənməkdədir. Bakı Nəqliyyat Agentliyi tərəfindən də nəqliyyat sahəsində yeniləşmənin davam etdiriləcəyi bildirilir. Bu istiqamətdəişlər də aparılır. Bu aspektdən çıxış edərək əminliklə deyə bilərəm ki, nəqliyyat sahəsində hər hansı bir təəssüf yaradan hallar varsa belə, həmin hallar yaxın vaxtlarda aradan qaldırılacaq. Çünki bu istiqamətlər üzrə əməli iş gedir.

- “BakuBus” MMC-də sərnişinlər tərəfindən avtobuslarda unudulan sənəd və əşyalarla bağlı hansı işlər görülür?

- “BakuBus” MMC-yə məxsus avtobuslar sonuncu dayanacaqda dispetçer və sürücü tərəfindən yoxlanılır. Bu zaman sərnişinlər tərəfindən avtobuslarda unudulan sənəd və əşyalar aşkarlanır. Bu barədə dərhal “BakuBus” MMC-yə məlumat verilir. Əgər həmin vaxt avtobuslarda unudulan sənəd və əşyaların sahiblərini tapmaq olsa, dərhal qaytarılır. Yox əgər tapmaq olmursa, “BakuBus” MMC-də sərnişinlər tərəfindən unudulan sənəd və əşyalar qeydə alınır və saxlanılır. Daha sonra sahibləri tapıldıqca, şəxsiyyəti təsdiq edən sənəd əsasında həmin sənəd və əşyalar onlara qaytarılır. Həmçinin, “BakuBus” MMC tərəfindən sərnişinlər tərəfindən avtobuslarda unudulan sənəd və əşyalar barədə KİV-də məlumat verilir. Müəyyən müddət ərzində sahibi tərəfindən təhvil alınmayan sənəd və əşyalar isə Bakı şəhər Baş Polis İdarəsinə və “Poçtap” xidmətinə təhvil verilir. Ümumilikdə, sərnişinlər tərəfindən avtobuslarda unudulan sənəd və əşyalar arasında pulqabı, çanta, iş paltarları, eynək və açarlar üstünlük təşkil edir.

- “BukuBus” MMC-yə məxsus avtobuslardakı “WiFi” şəbəkəsi nə vaxt işə düşəcək?

- “BakuBus” MMC-yə məxsus avtobuslarda yaxın vaxtlarda “Wi-Fi” şəbəkəsinin quraşdırılması nəzərdə tutulmur. Lakin bu istiqamətdə işlər davam etdirilir.

- Sərnişinlər tərəfindən daxil olan müraciətlər əsasən nə ilə bağlı olur?

- Sərnişinlər tərəfindən edilən müraciətlərin əksəriyyəti məlumat almaq xarakteri daşıyır. Eləcə də vətəndaşlar marşrut xətlərini, yaşadıqları ərazidən “BakuBus” MMC-yə məxsus avtobusların keçib-keçməməsini soruşurlar, həmçinin, yeni avtobus dayanacaqlarnın quraşdırılmasını istəyirlər. Qeyd edim ki, bu məsələlər “BakuBus” MMC-nin səlahiyyətində deyil və Bakı Nəqliyyat Agentliyi tərəfindən tənzimlənir. Bununla yanaşı, sürücülərlə bağlı müəyyən müraciətlər olur və s.

Ümumilikdə, vətəndaşlar “BakuBus” MMC-yə məktub, “Qaynar xətt”, elektron poçt, Feysbuk, İnstaqram, həmçinin, Bakı Nəqliyyat Agentliyi vasitəsilə müraciət edə bilirlər. Bu müraciətlər qeydə alınır və bir qismi dərhal cavablandırılır. Araşdırma tələb edənləri nəzarətə götürülür. Araşdırma başa çatandan sonra nəticə barədə vətəndaşa məlumat verilir. Eyni zamanda, həmin vətəndaşlar araşdırma yekunlaşandan sonra “BakuBus”MMC-yə dəvət edilirlər. Bu görüşdə məqsəd onlara araşdırmanın nəticəsi barədə məlumat vermək, həmçinin, onların təklif və fikirlərini dinləməkdir. Təəssüf ki, vətəndaşlar müraciət etsələr də, bir çox hallarda görüşə gəlməyə maraq göstərmirlər.

- “BakuBus” MMC fəaliyyəti dövründə hansı uğurlu layihələrə imza atıb?

-"Baku Bus" MMC müxtəlif nazirlik, şirkət, təhsil müəssisələri və digər qurumlarla birgə layihələr həyata keçirir. Həmçinin, ölkəmizdə təşkil edilən beynəlxalq tədbir və yarışlarda yaxından iştirak edir, sərnişindaşıma sahəsində fəaliyyət göstərir.Məsələn, "BakuBus" MMC-nin ölkəmizdə təşkil olunan 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, BMX velosipedi üzrə dünya çempionatındakı fəaliyyətini misal göstərmək olar. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Turizm və Menecment Universiteti və digər qurumlarla birlikdə ictimai nəqliyyatdan istifadə, ictimai nəqliyyatda davranış qaydaları kimi məsələlərə dair birgə maarifləndirici tədbirlər təşkil olunub. "Baku Bus" MMC “ASAN Könüllüləri” Təşkilatı ilə birgə layihə reallaşdırıb. Könüllülər "BakuBus" MMC-də təcrübə keçiblər. “Gələcəyin sərnişinləri” layihəsi çərçivəsində hər il Bakı məktəblilərinin"BakuBus" MMC-yə ekskursiyası təşkil edilir. Layihə çərçivəsində şagirdlər ictimai nəqliyyatdan istifadə və ictimai nəqliyyatda davaranış qaydaları ilə bağlı maarifləndirilirlər. Ekskursiyada olan məktəblilər mükafatlandırılırlar. "BakuBus" MMC tərəfindən bu çərçivədə digər tədbirlər də təşkil edilir.

- Son olaraq, Metbuat.az-ın oxucularına nə demək istəyərdiniz?

- Metbuat.az bu gün etibarlı informasiya mənbələrindən biridir. Daimi olaraq Metbuat.az-ı izləsinlər. Yeri gəlmişkən yəqin ki, həmin oxucuların arasında “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə edən sərnişinlər də var. Onlara da demək istəyirəm ki, “BakuBus” MMC sizin təhlükəsizliyinizi və rahatlığınızı təmin etmək üçün çalışır. Sonda hamıya uğurlar arzu edirəm...

Xəyalə Məmmədova/ METBUAT.AZ

"Dediklərimə əməl etsələr..." - Rauf Ağayevlə MÜSAHİBƏ / Fotolar

“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ

“10 yaşıma qədər gəzdiyim yerlər 15 yaşımadək bir-bir işğal olundu” - Mansur Piriyev ilə MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI