Play Store

Dahi strateq Sun Tzu: Həyatı və strateji fikirləri - FOTOLAR

“Başqasını və özünü bilirsənsə, yüz dəfə savaşsan təhlükəyə düşməzsən; başqasını bilməyib özünü bilirsənsə bir dəfə qalib, bir dəfə məğlub olarsan; nə özünü nə də başqasını bilmirsənsə hər savaşda təhlükədəsən”

Bu fikirlər Çin strateqi Sun Tzuna aiddir.

Tarix, bizə müharibələrdə say üstünlüyündən əlavə strateji incəliklərlə qalib gəlməyi dəfələrlə göstərmişdir. Ancaq, bir savaş strategiyası yaratmaq üçün həm soyuqqanlı olmaq, həm də incə bir zəkaya sahib olmaq vacibdir.

Sun Tzu əslində bir sərkərdə və ya döyüşçü deyildi, lakin qələmi ilə yüzlərlə savaşa istiqamət verən və dünya tarixində bir çox liderə ilham qaynağı olan strateq və alim olmuşdur. E.Ə. VI yüzildə yaşamış olmasına baxmayaraq Sun Tzunun fikirləri və sözləri günümüzə işıq tutmuş, onun prinsiplərini doğru anlayıb öz mədəniyyətləri ilə bütünləşdirən millətlər isə müvəffəq olmuşlar.

Sun Tzunu ən yaxşı başa düşməyin yolu isə, dünya tarixinə öz damğasını vurmuş bir çox liderin əsas kitabı olan, dünyanın ən qədim savaş strategiyası kitabı sayılan “Savaş Sənəti (Bing-Fa)”ni oxuyub anlamaqla mümkündür.

Həyatı:

İlk çağların bir srateqi olan Sun Tzunun e.ə. 500-cü illərdə Çində yaşadığı təxmin edilir. Bu günümüzdə “Savaş sənəti” adlı əsəri ilə tanınmaqdadır. Yaşadığı dövrdə Çində səkkiz ayrı krallıq mövcud idi ki, bunlar da bir biri ilə müharibə şəraitində idilər. Bu dönəmdə hərb, Çində davam edən bir fəaliyyət olub və hər bir krallığın öz ordusu var idi. Sun Tzu bu krallıqlardan biri olan Vu ölkəsində (Çinin mərkəzində Şanxayın qərbində bir ölkə) yaşamışdır. Soydaşı Ssuma Çıenin fikirlərinə görə: Sun Tzunun “Savaş sənəti” adlı əsəri Vu ölkəsinin hökmdarı Ho Lunun diqqətini cəlb etmiş və hökmdarın istəyi ilə Sun Tzu nəzəri düşüncələrini qadınlardan ibarət bir qrup üzərində tətbiq edərək bir ordunu necə idarə etməyi çox yaxşı bilən bir strateq olduğunu isbat edərək hökmdar tərəfindən general rütbəsi ilə mükafatlandırılmışdır. Bundan sonra Vu hökmdarının əmrində bir general olaraq vəzifə tutan Sun Tzu, bu krallığın zəfərlər qazanmasında və ərazisinin genişlənməsində xüsusi rol oynayaraq şöhrət qazanmışdır.

Hərbi strateji fikirləri:

Sun Tzunu başa düşmək “Savaş sənəti” əsərini anlamaqla mümkündür. Bu əsəri incələmədən öncə Sun Tzunun yaşadığı və əsəri qələmə aldığı dönəmin xüsusiyyətlərini bilmək vacibdir. “Savaş sənəti” əsərində xüsusilə yer alan qədim Çində klassik kitabların ən öndə gələni olan “I Ching” (Dəyişikliklər kitabı) uzun zaman içərisində təfəkkür və yenilik məqsədi ilə istifadə edilmişdir. Kitab Çin xanədanlıq ənənələrinin qurucusu sayılan əfsanəvi Sarı imperatordan sonra miras qalan əsas kitablardan biri idi və uzun zaman hakim olmuş Chou (Zhou) xanədanlığının siyasi alimləri tərəfindən e.ə.1000-ci illərdə qələmə alınmışdır. Bu xanədanlığın dağılmasından sonra təxminən 200 il sürən “Savaşan əyalətlər” dövrü başlamış, sabitlik pozulmuş, daxili çəkişmə və müharibələr nəticəsində ciddi təhlükələr yaranmışdır. “Savaşan əyalətlər üçün strategiyalar” adlı kitabında dövrün tarixçisi Chan Kuo Tse bu qanlı və müharibələrlə zəngin dövrün günahkarı kimi savaşlara rəhbərlik edən qəddar idarəçiləri göstərmişdir. Məşhur çinli, filosof-alim Konfüçyus da bu dövrdə yaşamış və öz həyatını qanlı müharibələrin meydana gətirdiyi qeyri insani dəyərlərlə mübarizəyə həsr etmişdi. Onun düşüncə və fikirləri alim Chuanq Tzu, daha sonra isə Lao Tzu tərəfindən dövrün problemlərinin həlli istiqamətində davam etdirilmişdir.

Haqqında az məlumat olan Sun Tzu belə bir çətin dövrdə yaşamış və qələmə aldığı əsərində müharibələrin bütün tərəflərinə toxunaraq müxtəlif strateji fikirlər aşılamağa çalışmışdır. Onun əsərində xüsusilə müharibə yolu ən son həll üsulu kimi göstərilir. Sun Tzu ilk olaraq müharibədən əvvəlki vəziyyətə diqqəti cəmləməyi, hədəfə çatmaq üçün bir çox diplomatik üsulları tətbiq etməyi uyğun görür. Onun üçün vacib olan, ideal olaraq ortaya qoyduğu qan tökmədən məqsədə çatmaq fikridir.

Sun Tzu, müharibə sənətində bənzər bir dərəcələndirmədən bəhs edərək, ən yaxşı savaşçı “savaşmadan qalib olandır” fikrini irəli sürür. O ilk olaraq düşmənin planını üzə çıxartmağı, düşmən əsgərini savaşmadan təslim etdirməyi, itgi vermədən müvəffəq olmağı əsas sayır və bunu taktiki hücum adlandırır. İkinci olaraq düşmənin təminat və əlaqə bağlantılarını kəsməyi, ona nəzarət etməyi, üçüncü olaraq düşmən ordusuna hücumla zərbə vurmağı, ən sonuncu olaraq isə düşmən kəndlərini mühasirəyə almağı məsləhət görür. Yəni ən yaxşı savaşçı zəfəri ən asan olduğu halda qazanan və çox da məşhurlaşmayan savaşçıdır.

Bir çoxlarına görə Sun Tzunun qan tökmədən savaşın qazanılmasının vacibliyinə inanması, məşhur alman hərbi strateqi Karl Fon Klauzevitsin fikirləri ilə qarşı qarşıyadır. Lakin Klauzevitsin də qan tökmədən əldə ediləbilən bir zəfərə müsbət baxdığını, amma bunun çox nadir hallarda mümkün olabiləcəyinin də fərqinə vardığını söyləyə bilərik.

Sun Tzunun fikrincə beş əsas amili dəyərləndirməklə zəfəri öncədən görmək mümkündür:

-Savaşa hazır olduğunu ya da savaşa bilməyəcəyini bilən qalibdir;

-Say üstünlüyünü qiymətləndirən qalibdir;

-Komandir və əsgərləri bir ürək və bir yumruq olan qalibdir;

-Hazırlıqlı olub hazırlıqsız olanı güdən və gözləyən qalibdir;

-Bacarıqlı sərkərdəyə hökmdarı qarışmayan qalibdir.

Beləliklə bu beş amil kimin qalib olacağını öyrənmək üçün bir yoldur.

Sun Tzu Savaş sənəti əsərində hərbi əməliyyatlar baxımından beş xüsusiyyətdən bəhs edir: Yol, hava şərtləri, ərazi, komandirlik qabiliyyəti və intizam.

Yol amili, ürəklərdə və ağıllarda bir birlik əldə etməyi ifadə edir və xalqın öz rəhbəri ilə eyni hədəfi bölüşməsi və bu hədəfə çatmaq üçün istiqamətlənməsi mənasını daşıyır. Xalqla qərarlılığı və insanlığı ilə bir bağlantı yaratmış, toplumları istiqamətləndirmək bacarığı olan və təbii hədəflərə irəliləyən liderlər üçün bu yol açıqdır. Yol olaraq adlandırılan bu amil xalqın öz lideri ilə bir düşüncədə olması deməkdir. Yalnız bu təqdirdə birlikdə ölüb, birlikdə yaşayarlar və xalq özünü fəda etməkdən çəkinməz.

Hava amili, ilin mövsümləri ilə və daha spesifik olaraq zamanı planlaşdırmaqla bağlıdır. Doğru zamanda hərəkət etmək, ilin fəsillərinin xüsusiyyətlərini nəzərə almaq ehtiyyat tədbiridir. Hava amili eyni zamanda gecə və gündüzü də nəzərdə tutur.

Ərazi, hava amili ilə birlikdə də qiymətləndirilə bilər. Bu amil yaxın-uzaq məsafələri, təhlükəli və təhlükəsiz yolları, geniş və dar keçidləri, yüksək və alçaq əraziləri, eləcə də yaşam və ölüm ehtimallarını dəyərləndirir. Yerləşmək və mövqe tutmaq məqsədi ilə yüksək, günəşli və qidalanmaq üçün şəraiti olan ərazilər tövsiyə olunur.

Komandirlik qabiliyyəti dedikdə beş xüsusiyyət nəzərə alınır ki, bunlar da zəka, etibarlılıq, insanlıq, cəsarət və qətiyyətli olmaqdır. Əslində bu xüsusiyyətlərin hər biri fərdi olaraq bir qüsur da ola bilər. Yəni, sırf zəka- narazılığı, insanlıq-zəifliyi, etibar-aldanmağı, cəsarət-şiddəti, qətiyyət-zülmü yarada bilər. Bu səbəblə komandirlik qabiliyyəti bu xüsusiyyətlərin hamısının bir yerdə olmasını zəruri edir.

İntizam, təşkilatlanma və əmr-komanda zəncirini, eləcə də liderin təşkilatçılıq məharətini izah edir. Bu yolla Sun Tzu kollektiv təşkilat və qurumlarda bəzi qaydaların tətbiqindən bəhs edir. O, böyük orduların və birliklərin bölmələrə ayrılaraq daha asan idarə ediləbiləcəyini fəqət yenə də vahid komanda altında olmasının vacibliyini vurğulayır. Çünki bir ordu üçün birdən çox rəhbər ziyanlıq gətirir. Bağlılıq yaratmadan cəzalandıırmaq, nifrətə səbəb olub tapşırıqların icrasında məsuliyyətsizlik yaratdığı kimi, verilən cəzaların da tətbiq edilməməsi idarəçiliyi çətinləşdirəcəkdir. Əmr-komanda zəncirinin yüksək səviyyədə olması cəza və mükafat sisteminin düzgün tətbiq edilməsindən asılıdır. Sun Tzu deyir ki, əgər komandirlər zəif, əmrlər aydın deyilsə bu xaosdur, qarışıqlıqdır və bu yol məğlubiyyətə doğru gedir.

Bütün bunları nəzərə almaqla Sun Tzu belə bir nəticəyə gəlir ki, kimin yolu varsa, kim daha əlverişli iqlim və əraziyə sahibdirsə, kim intizamlı, həm də kimin cəza-mükafat sistemi şəffafdırsa, eləcə də insanların qəlbini kim qazanıbsa onun qalib olacağını bilmək olar. Çünki zəfər, müharibədən öncə qazanılır.

Psixoloji tərəfdən baxdıqda ordu içərisində müxtəlif prinsiplərə riayət etmək vacibdir. Rəislər və tabelikdə olanlar arasında çat varsa, narahatçılıq və narazılıq birliklərin ruhunu ələ keçirmişsə buna “boşluq”, rəhbərlik zəkalı və bacarıqlıdırsa, birliklər arasında nizam-intizam, ortaq iradə və birlik ruhu varsa buna da “doluluq” deyilir. Daxildə doluluğu təmin edib, düşməndə boşluq yaratmağın yolu qəzəb və nəfsi yox edərək, eləcə də Sun Tzunun əsərin sonlarında vurğuladığı kimi cəsuslardan istifadə etməkdir. Əsir alınmış düşmənə yaxşı rəftar göstərməklə onları öz tərəfimizə çəkməyin vacibliyini qeyd edən ustad Sun, cəsusların hərbi strategiyanın ən vacib sahələrindən olduğunu vurğulamaqdadır. Bunlar qarşı ölkənin yerli əhalisindən olan yerli cəsus; qarşı ölkənin rəsmi dairələrindəki vəzifəli şəxslərindən olan daxili cəsus; eyni zamanda qarşı tərəfin cəsusu olmaqla, dəyişdirilərək iki tərəfli fəaliyyət göstərməsi təşkil edilən qarşı cəsus; yalnış məlumat vermək üçün göndərilən ölü cəsus və məlumat aparıb, gətirən canlı cəsuslardır. Sun Tzu öz əsərində bilidirir ki, “anlayışsız və məlumatsız olanlar, insanpərvər və adil olmayanlar cəsuslardan yararlana bilməz; hiylə işlətmədən onlardan həqiqəti öyrənə bilməzlər”. Sun Tzu, cəsuslardan eyni zamanda düşmən qüvvələri arasında ixtilaf yaratmaq üçün də istifadəsini məsləhət görür.

Bütün bunlardan əlavə zəfərin açarı vaxtında düşmənin planlarından agah (xəbərdar) olmaq və müəmmalı (naməlum) olmağı bacarmaqdır. Naməlum və qaranlıq olmaq, sirr verməmək, düşməni yalnış istiqamətləndirmək və gizli qalmaq, aşkar olmağı imkansızlaşdırır və bunlar mükəmməl bir savaşçının ustalıq səviyyəsini göstərən əsas amillərdir. Bir ordu üçün əsas məqsəd müəmmalı görünmək bacarığına sahib olmaq və düşməni isə bütün varlığı ilə üzə çıxmağa vadar etməkdir. Bu müdafiədir, aldatmadır və eyni zamanda qüvvəyə qənaətdir. Daima konkret forması olmayan su kimi düşmənə görə tənzimlənərək zəfər qazanmaq əsl ustalıqdır. Bu mövzu ilə əlaqədar Sun Tzu belə demişdir: “Hansı taktikaları istifadə etdiyimi hərkəs görə bilər amma zəfəri hansı strategiya ilə qazandığımı kimsə bilə bilməz”.

Təşkilatçlıq qabiliyyətinin əsas amil olduğunu vurğulayan Sun Tzu mükəmməl liderlik edə bilməklə bağlı müxtəlif fikirlər bildirmişdir. Düşmənin zəif tərəflərini tanımaq üçün onu mütəmadi yoxlamaq lazımdır deyən ustad, bacarıqlı liderlərin ləyaqəti mükafatlandırdığını və belə hallarda qaydaları kənara qoyaraq fərqli mükafatlandırma və təlimatlandırma tətbiq etməsinin uyğun olduğunu qeyd edir. Böyük bir ordunu bir insanı idarə edən kimi idarə etmək lazımdır deyən ustad Sun, eləcə də uğursuzluqların əvəzinə ugurlardan bəhs etməyi və şəxsi heyəti ruhlandırmağı faydalı sayır. Fəqət strategiya barəsində əsgərlərlə danışmamağı vacib bilir. Onlara sadəcə konkret tapşırıqlar verməyi bildirərək komandirin sakit və gizli fəaliyyət göstərməsini məsləhət görür. Bu mövzuda şücaəti ilə seçilən Osmanlı hökmdarı Sultan Yavuz Səlim də səfərə çıxdığı yer haqqında heç kimə məlumat verməzmiş. Bir gün Sultan Səlim, israrla səfərə gediləcək yeri öyrənmək istəyən vəzirlərdən birinə belə bir sual verir: “Vəzir sən sirr tutmağın nə olduğunu bilirsənmi?”. Vəzir “Bəli Sultanım bilirəm” cavabını verdikdə Sultan Səlim belə demişdir: “Yaxşı, mən də bilirəm”.

Lider bilməlidir ki, nizam və ya nizamsızlıq düzgün təşkilatlanmaqla, cəsarət və ya qorxaqlıq ordunun şöhrəti ilə, güclü və ya zəiflik isə birlik ruhu, vahid fikir və şəffaflıqla əlaqəlidir, istənilən şəraitdə bacarıqlı lider ordunun taleyini həll edir. Sun Tzu belə deyir: “İnsanlar bir dəfə birləşdilərsə cəsurlar tək başına irəli, qorxaqlar isə tək başına geri gedə bilməzlər”.

Sun Tzu bir rəhbər üçün dörd məharət amilini əsas göstərir. Bunlar enerji, qüvvət, uzaqgörənlik və ürək amilidir. Komandir ilə birliyi arasında uyğunlaşmanın əldə edilməsi üçün qarşılıqlı anlayış və əlaqə şərtdir. Bu səbəblə əsgərləri savaşa göndərmədən öncə təlimləndirmək mütləqdir. Komandir əsgərlərini mədəni üsullarla istiqamətləndirməli, savaş üsulları ilə isə birləşdirməlidir. Sun Tzu bundan başqa uyğunluğun əldə olunmasının alternativ fiziki yolları olaraq savaş əsnasında bəzi əlaqə vasitələrinin istifadəsindən bəhs edərək, bayraqların, təbil və barabanların komandaların başa düşülməsinə və idarəetmənin asanlaşmasına yardım edəcəyini bildirir.

Sun Tzu xəbərdar edir: “Evinə qayıdan ordunu durdurma, mühasirəyə alınmış orduya çıxış qapısı qoy, ümüdsüz vəziyyətdə olan düşməni sıxışdırma”. “İ Ching” (Dəyişikliklər kitabı)adlı qədim fəlsəfi kitabda isə belə deyilir: “Əgər həddən artıq qəddar və qəzəblisənsə, haqlı olsan belə müvəffəqiyyət qazanmaq şansın yoxdur”. Çünki insan təbiətini aşan və insanı çərçivədən çıxardan hər bir əməl qarşı tərəfdə son həddin yaranmasına səbəb olur ki, bunun da qarşısında durmaq çox çətindir.

Ustad Sun “Savaş sənəti” əsərində bir neçə təhlükə yaradan xüsusiyyətlərdən uzaq durmağı tövsiyə edir. Belə ki, çoxlu insan ölümünə razı olmaq, dünya həyatına hədsiz bağlı olmaq, tez qəzəblənmək, fanatik və duyğusal olmaq kimi xüsusiyyətlər təhlükə yarada bilər və bunlar hiyləgər düşmənin zəif tərəfləridir.

Yuxarıda göstərilənləri nəzərə alsaq onda belə bir sual yaranır ki, əgər qarşımızda güclü və bacarıqlı sərkərdəsi olan, böyük, sürətli və təcrübəli ordu varsa onda nə etməliyik? Sun Tzu bu suala belə bir cavab verir ki, belə halda düşmənin səhvləri və qüsurlarından faydalanmağı bacarmalıyıq. Bizim istədiyimiz kimi davranmalarını istəyiriksə onda düşmənə çox vacib olan bir yeri işğal etməliyik və ərzaq yollarını kəsməliyik. Əsas şərt, sürətli olmaq, qüsurlardan faydalanmaq, ummadıqları istiqamətdən getmək və qorumadıqları yerlərə basqın etməkdir.

Sun Tzu, uzun sürən müharibələrdə xalq dəstəyinin itirilməsi məsələsinə də xüsusi önəm vermiş və öz fikrini bildirmişdir. O, orduların uzun səfərlərə çıxması zamanı ölkə büdcəsinə dəyən ciddi ziyandan bəhs edir. Tarix sübut edib ki, heç bir ölkə uzun müharibələrdən xeyir görməmiş, nəticədə ziyana uğramışdır. Müharibə qısa olmalı, çünki müharibələrin uzanması heç bir millətə yaramaz.

Sun Tzunun taktiki və strateji fikirlərini, müasir dövrün hərbi əməliyyatlarında istifadə edilən müharibə prinsipləri ilə də uyğunlaşdırmaq olar. Belə ki, hərb prinsipləri baxımından analiz etdikdə Sun Tzunun fikirlərini aşağıdakı ardıcıllıqla cəmləmək olar:

  • Hədəf prinsipi – “Başlıca hədəfiniz zəfər olmalıdır, uzun səfərlər yox”.
  • Hücum prinsipi – “Düşməni məğlub etmək bacarığının anlamı hücuma keçməkdir”.
  • Sadəlik prinsipi – “Əgər tapşırıq və əmrlər sadə, dəqiq kəlmələrlə söylənməyibsə, aydın deyilsə belə halda komandir, rəhbər günahkardır. Lakin onun əmrləri sadə və dəqiq olubsa, əsgərlər buna riayət etməyibsə, günah əsgərlərdə və onlara rəhbərlik edən zabitlərdədir”.
  • Əmr və komanda prinsipi – “Kim ki, hərbi bilik və bacarığa sahibdir və hökmdar onun işinə qarışmır, o qalibdir. Əsgərlər elə bir birliyə və kollektivə sahib olmalıdırlar ki, nə cəsur olan tək başına irəli getsin, nə də qorxaq tək başına geriyə qaça bilsin”.
  • Güc mərkəzi prinsipi – “Düşmən bölünüb müxtəlif istiqamətlərə ayrılmağa məcbur olduğu zaman, biz tək və birləşik bir yumruq ola bilərik. Ağıllı savaşçı toplu gücün təsirinə güvənər”.
  • Qüvvəyə qənaət prinsipi – “Ehtiyatsızlıq məhv olmağa doğru aparır. Sayı az olana üstün sayla hücum imkanı varsa, o zaman düşmən qorxu və sıxıntılara düçar olacaqdır.”
  • Manevra prinsipi – “Kim dolayı hərəkət sənətini öyrənibsə, o zəfəri əldə edəcəkdir”.
  • Basqın prinsipi – “Kim özünü hazırlayaraq düşməni hazırlıqsız olana qədər gözləyərsə, o qalib olacaqdır. Düşməni məhv etmək fürsətini bizə, elə düşmənin özü yaradır”.
  • Təhlükəsizlik prinsipi – “Mükəmməl savaşçı öncə özünü mühafizə etməyi bacarmalıdır”.

NƏTİCƏ

Sun Tzunun “Savaş sənəti” adlı əsəri, yer üzündə yazılmış ən qədim hərbi əsər olaraq qəbul edilir. Müharibədə hökmdar və generallara yol göstərəcək prinsipləri qeyd etmək məqsədi ilə qələmə alınan bu əsər, tarix boyu Çin və Yapon hərbi düşüncə sistemini öz təsiri altına salmışdır. Dahi ustad Sun Tzu, hər nə qədər savaş metodlarını qeyd etsə də, ən ideal zəfərin savaşmadan və qan tökmədən əldə olunmasını uyğun görmüş və müharibəni ən son çarə kimi qiymətləndirmişdir.

Polkovnik leytenant Tural Novruzov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR