Millət vəkilindən çağırış - “Qızların təhsil almaları ilə bağlı daha çox maarifləndirməyə ehtiyac var”/ MÜSAHİBƏ

Metbuat.az-ın budəfəki qonağı millət vəkili Sona Əliyevadır. Milli Məclisinin V çağırış deputatı Sona Əliyeva 99 saylı Şəmkir kənd seçki dairəsindən millət vəkili seçilib, eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Sona Əliyeva Milli Məclisin Elm və təhsil, eyni zamanda İnsan hüquqları komitəsinin üzvü olduğu üçün, xanım millət vəkili ilə daha çox bu məsələləri müzakirə etdik.

- Sona xanım, qadın siyasətçi olmaq çətin deyil ki? Xüsusilə də qadın millət vəkili olmaq?

- Bir siyasətçi, millət vəkili olaraq daşıdığın missiya şərəfli olduğu qədər, çətin və məsuliyyətlidir. Bu missiyanın ağırlığı, çətinliyi insanın bioloji xüsusiyyətlərilə ölçülmür, çünki artıq dünyada insanın bioloji cinsindən asılı olmayaraq, sosial cinsə yəni, qadın-kişi fərqliliyi etmədən fərdlərin bilik və bacarıqlarına üstünlük verilir.

Qadın olaraq, yaşamaq, işləmək və uğur qazanmaq isə bütün patriarxal münasibətlərə meylli cəmiyyətlərdə nisbətən çətindir. Əgər biz bunu Azərbaycan cəmiyyətinə şamil ediriksə, tarixən Azərbaycan qadını öz idrakı, zəkası, müdrikliyi, yüksək milli və mənəvi dəyərlərə, mədəniyyətə sahib olması ilə əks cinsin inamını və rəğbətini qazanıb. 100 il öncə qadınlarımıza seçmək və seçilmək hüququnun tanınması da tarixən formalaşan bu ənənələrin real təzahürü olub. İndiki reallıqda isə dövlətimizin həyata keçirdiyi qadın siyasəti və qadınların bütün sosial sferalarda aktivliyinə yönəlmiş imkanlar baxımından əlverişli bir zamanda yaşayırıq. Ən əsası isə, ölkəmizdə qadınların ictimai fəaliyyətinin formalaşmasına və inkişafına yeni nəfəs, ruh gətirən, dünyaya öz nəcib, humanist və insanpərvər xarakterilə uğurlu nümunə olan Mehriban xanım Əliyeva var və onun intellektual enerjisi Azərbaycan qadınına işləmək, faydalı olmaq duyğusunu aşılamaqla, ilham verir.

- Millət vəkili olmadan əvvəl təhsil sahəsində çalışmısız. Təhsilimizin bugünkü vəziyyətini necə qiymətləndirirsiz?

- Hər bir ölkənin inkişaf konsepsiyasında təhsilin inkişafı prinsipi mühüm əhəmiyyət kəsb edir və cənab prezident İlham Əliyevin təhsilin inkişafına yönəlmiş diqqət və qayğısı onu göstərir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindəndir. Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları, aparılan islahatlar, həmçinin bir neçə gün əvvəl Dayanıqlı İnkişafa dair Bakı Forumunda ilk sessiyanın təhsil, elm və insan kapitalının inkişafı mövzusunda olması bu sahəyə önəmin göstəricisi, inkişafın təhsildən, elmdən başladığının qənaətidir. Təhsilimizin inkişafını müsbət dəyərləndirirəm, çünki davamlı islahatlar aparılmaqla yanaşı, çevik və innovasiyalara açıq bir sistem qurulub. Uğurlu təcrübələrin və dünyada təhsilin pillləri üzrə qabaqcıl proqramların təhsilimizə inteqrasiyası və qarşılıqlı transformasiyanın nailiyyətləri var.

- Milli Məclisdə Elm və Təhsil Komitəsinin üzvüsüz. Bildiyiniz kimi, təhsil sahəsində bir sıra islahatlar aparılıb. Aparılan son islahatları necə dəyərləndirirsiz?

- Son illərdə təhsil sahəsində müsbət tendensiya var, bu həm islahatlar baxımından, həm də mövcud hüquqi bazanın təkmilləşdirilməsi ilə yanaşı cəmiyyətdən gələn tələb və zərurətlərə, mövcud reallığa və vətəndaş məmnuniyyətinə hesablanmış şəkildə aparılmaqdadır. Bütün yanaşmaların əsasında isə əlbəttə ki, keyfiyyətli təhsil və hamıya əlçatan təhsil hüququnun təminatı durur. Son üç ildə, təhsil sahəsində üç yeni sahə qanunu hazırlanıb və təsdiq edilib, Təhsil qanununa önəmli dəyişikliklər edilib. Hazırda Ümumtəhsil haqqında Qanun layihəsi hazırlanır. Bütün Qanun layihələri hazırlanarkən, ictimai dinləmələr aparılmaqla, aidiyyəti üzrə müvafiq qurumlarla müzakirələr aparılıb, reallığı əks etdirən və gələcəyə hesablanan Qanun layihələri yaradılıb. Detallara varmaq istəmirəm, iyun ayında Təhsil Qanununa edilən dəyişikliklər təhsilin bütün pillələrini əhatə etməklə yanaşı, bəzi mövcud narahatlıq yaradan məsələlərə də yaxşı mənada son verib.

- Sona xanım, biologiya fənni üzrə kurikulum hazırlananda fənn komissiyasının üzvü olmusuz. Ancaq kurikulum sistemi cəmiyyətdə heç də bir mənalı qarşılanmadı. Xüsusilə də, bəzi müəllimlər və valideynlər bununla bağlı tənqidi düşüncədədirlər. Siz necə düşünürsüz?

- Əvvəla qeyd etmək lazımdır ki, kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Yəni, müasir təhsilimizin məzmununun necə və nədən ibarət olduğunu, bu məzmunun öyrədilməsinə qoyulmuş dövlət tələbini, ən əlverişli və səmərəli formada təhsilin necə təşkil edilməli olduğunu, fənnin məzmununa uyğun əldə olunan nəticənin qiymətləndirilməsi qaydalarını mərhələli və sistemli şəkildə əks etdirir. Kurikulum dünyada qabaqcıl təhsil modellərindən biri olmaqla geniş tətbiq olunur və Azərbacanda kurikulumu zəruri edən səbəblərdən biri də dünya təhsil sisteminə inteqrasiyadır. Hazırda dünyada təhsil ekspertlərinin gəldiyi nəticə odur ki, yalnız nəzəri biliklərlə kifayətənmək olmaz, bununla yanaşı təhsil alanların əsas həyati bacarıqlara, səriştə və kompetensiyalara yiyələnməsi də çox vacibdir. Hər halda kurikulum gələcəyin təhsilinə hesablanıb və bunun doğru seçim olduğunu zaman sübut edəcək.

Kurikulumların bir çox növləri var, onlar əsasən fənnyönümlü və şəxsiyyətyönümlü olur. Bizim əvvəlki təhsil sistemimiz fənnyönümlü idi, ancaq fənnin məzmununu əks etdirirdi və nəzəri biliklərin öyrədilməsinə əsaslanırdı. Ənənəvi proqramlarda dərsin necə təşkil olunması, qiymətləndirilmənin hansı formada aparılması göstərilmirdi, şagirdlərin hər hansı bir mövzunu mənimsəməsi zamanı hansı bacarıqlar formalaşdırılmalıdır və s. bu kimi məqamlara toxunulmurdu. Müasir kurikulumlarda isə bütün bunlar mərhələli və sistemli şəkildə göstərilib. Bu sənədin strukturunu normal bilən və tam başa düşən müəllim fənn kurikulumunun tətbiqi ilə bağlı hər hansı bir çətinlik çəkməməlidir. Bundan başqa, indi tətbiq olunan kurikulumlar şəxsiyyətyönümlüdür, yəni, müasir dünyanın dəyişkən tendenisyasına adekvat cavab verə biləcək səriştəli və kompetensiyalı şəxsiyyət yetişdirməyə yönəlib. İndiki zamanda yeganə bilik mənbəyi kitablar və müəllim deyil, əlavə informasiya resursları çoxdur. Doğru informasiyanı əldə etmək və istifadə etmək hətta bizim yaşda və təcrübədə olan insanlardan da müəyyən kompetensiya tələb edir. Bu səbəbdən də müasir kurikulumlar şəxsiyyətyönümlü, nəticəyönümlü və inteqrariv xarakterə malikdir və hər bir dərs presesində bunlar nəzərə alınmalıdır. Qısası proses çox sadədir: müəllim fənn kurikulumu üzrə hər hansı forma və metod seçməyindən asılı olmayaraq, məzmunun öyrədilməsinə qoyulmuş dövlət tələbini yerinə yetirməli, əldə olunan nəticə şəxsiyyətin hərtərəfli inkişafına xidmət etməli, digər fənlərlə və real həyatla aktiv əlaqələndirilməklə inteqrativlik təmin olunmalı və bu prosesi müvafiq qaydada qiymətləndirməlidir.

Kurikulumlarla bağlı narazılığa gəlincə, bu kütləvi xarakter daşımır və əsas problem müəllimlərin fənn kurikulumlarını düzgün tətbiq etməməyi ilə bağlıdır ki, son nəticədə valideynlər də narazı qalır.

- Tərcüməçi olmaq istəsəz də bioloq olmusuz. Biologiyanı sevə bildinizmi və içinizdə hələ də tərcüməçilik sevgisi qalıbmı?

- Biologiya canlılar haqqında elmdir. Biz də o aləmin bir parçasıyıq, insanları və təbiəti sevmədən, kainatla harmoniyada olmadan yaşamağın mümkünsüz olduğunu düşünənlərdənəm. Tərcüməçilik yeniyetməlik arzum idi, indi yaşla əlaqədar onu başqa arzular əvəz edib.

- Son zamanlar rus dili qruplarında təhsillə bağlı məsələ gündəmdədir. Bu məsələ hətta Parlamentdə də müzakirə olundu. Siz necə düşünürsüz bu haqda?

- Təhsil Qanununda təsbit olunub ki, vətəndaşların istəyi nəzərə alınaraq ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Həmişə dünyada gedən proseslərə bağlı olaraq dil seçiminə olan tələbat da zamanla dəyişir. Normal qəbul edirəm, sonunda hər bir vətəndaşın konstusion təhsil hüququ təmin olunmalıdır, dil seçimi isə könüllüdür.

- Sona xanım, XXI əsrdə yaşasaq da, hələ də bəzi ailələr uşaqlarını, xüsusən də qızlarını təhsildən yayındırır. Bu məsələnin tənzimlənməsi üçün daha hansı vacib addımlar atılmalıdır?

- Təhsildən yayınmanın qarşısını almaq üçün müəyyən hüquqi baza mövcuddur, lakin düşünürəm ki, əsasən də qızların təhsil alması ilə bağlı daha çox maarifləndirmə və təbliğata çox ehtiyac var. Ümumlikdə isə dünyada texnologiyanın indiki sürətlə inkişafını nəzərə alsaq, bundan sonrakı həyatımızda təhsil almadan və davamlı bilik, bacarıqlarımızı artırmadan yaşamaq çətin olacaq.

- Qızların təhsildən yayınmasının səbəbi çox hallarda xüsusilə bəzi bölgələrdə qızların erkən yaşda nikaha məcbur edilməsilə bağlı olur. Bununla bağlı fikirləriniz bizə maraqlıdır

- Erkən nikahlara münasibətim əlbəttə ki, birmənalı olaraq yaxşı deyil. Erkən nikahlar ənənəvi stereotiplər, savadsızlıq, bəzi hallarda yoxsulluq səbəbindən baş verir. Yetkinlik yaşına çatmamış şəxsin ailə qurması, psixoloji və tibbi baxımdan da doğru sayılmır, üstəlik bu nikah qeyri-qanunidir. Bu qədər mənfi fəsadları olan evlilikdən hər halda yaxşı heç nə gözləməyə dəyməz. Kiçik yaşında ərə verilən qızların fizioloji baxımdan nikaha hazır olmama səbəbindən, dünyaya gələn övladları və onların özləri bir çox xəstəliklərlə məruz qalır, bu evlilikdən doğulan uşaqlar elə valideynləri kimi, məhdud təcrübəyə və dünyagörüşə malik olur. Bu da gələcəkdə onların daha aşağı həyat səviyyəsinə malik olmaları ilə nəticələnir. Bu addımı atan valideynlər özuşaqlarına “gün ağlamaq” əvəzinə, bədbəxt edirlər. Müəyyən yaşdan sonra uşaqkən evləndirilənlər, əsasən də qızlar böyüdükcə, müəyyən yaşa dolduqca sərbəst və daha yaxşı yaşamaq arzusuna düşürlər, belə xoşagəlməz faktlara da cəmiyyətdə kifayət qədər rast gəlirik. Amma cəmiyyət bu kimi hallara qarşı həmrəylik göstərsə və kifayət qədər təbliğat aparılsa, daha yaxşı nəticələr əldə edilə bilər. Nəzərə alsaq ki, övladını erkən nikaha məcbur edən valideyn cinayət məsuliyyətinə cəlb olunmalıdır, elə bunu bilmək kifayət edir ki, insanlar bu kimi əməllərdən çəkinsin. Ümumiyyətlə isə, insanlıq var olduqca bu problem həmişə aktuallığını qoruyacaq, çünki bu kimi hallara dünyanın inkişaf etmiş ölkələrində də rast gəlinir.

- Sona xanım, sizcə, güclü qadın necə olmalıdır? Bəzi qadınlar güclü olsa da, heç bunun fərqində olmurlar…

- Qadınlar fiziki cəhətdən zəif olsalar da, öz bioloji və psixoloji xüsusiyyətlərinə görə kişilərdən daha üstündürlər. Məsələn, qadınların kişilərə nisbətdə uzunömürlülüyü, xəstəliklərə davamlılığı, emosional olsalar belə psixoloji olaraq baş verən hadisələrə daha davamlı münasibət sərgiləmələri üstün cəhətlərdir. Əlbəttə, ana olmaq, övlad tərbiyə etmək, ailəni idarə etmək də əslində mürəkkəb məsələlədir ki, qadınlarımız bunun öhdəsindən layiqincə gəlirlər. Təbiətən qadınlar zəif deyil, onların zəif olmaq, müdafiə olunmaq istəyi güclüdür. Hər bir qadın öz gücünü dərk eləsə, əlbəttə ki, o hər şeyin öhdəsindən gələcək. Çünki o, artıq dünyaya güclü gəlib.

- Siyasətçi olmaqla yanaşı həm də ən əsası anasız. Övladlarınızın siyasətçi olmağını istəyərsiz? Ümumiyyətlə, onların seçimlərinə çox qarışırsız?

- Övladlarım artıq hansı peşə ilə məşğul olacaqları ilə bağlı qərarlarını veriblər. Mən onların seçimlərinə qarışmıram, əksinə dəstəkləyirəm, hər üç övladım tibb sahəsinə hazırlaşır. Siyasətçi olmaq arzusunda olanı hələ ki, yoxdur, olsa belə, seçimlərinə hörmətlə yanaşardım.

- Sona xanım, bütün valideynlər istəyir ki, övladı ali təhsilli olsun. Ancaq bəzən həmin şəxs sevmədiyi ixtisasda təhsil almaqdansa, marağı və bacarığı olduğu peşə sahəsinə yönəlsə, daha böyük uğur qazana bilər. Siz necə düşünürsüz bu haqda?

- Həyatda iki əsas seçim var ki, bunlar bütün həyat boyu sənə yoldaşlıq edir. Onun biri peşə seçimi, digəri evlilikdir. Odur ki, sevmək lazımdırmı, deyilmi, qərarı siz verin. Xoşbəxtlik də, uğur da zənnimcə sevgidən doğur.

- Siz həm də İnsan Hüquqları Komitəsinin üzvüsüz. Necə düşünürsüz, qadınlara qarşı ailələrdəki şiddətin qarşısını almaq mümkün ola bilərmi? Ümumiyyətlə, nəyə görə qadına qarşı şiddət artır?

- Son zamanlar dünyada müəyyən formada aqressivlik müşahidə olunur və biz bunu zaman-zaman mediada görürük. Qloballaşan dünyaya inteqrasiya etməklə bizim də, qazandıqlarımızla birlikdə itirdiklərimiz olub. Mənəvi dəyərlərin aşınmasını əsasən bununla bağlayıram. Zəif olan tərəf həmişə məğlubiyyətə məhkumdur, qadın nə qədər ki, təhsilli və peşə sahibi deyilsə, özünü müdafiə edə və öz ayaqları üstündə dura bilmirsə, dünyanın harasında yaşamasından asılı olmayaraq, məişət zorakılığına məruz qalma ehtimalı böyükdür. Bu kimi hallarla bağlı ölkəmizdə hüquqi baza kifayət qədər təkmildir, məişət zorakılığı haqqında ayrıca Qanun və digər normativ hüquqi aktlar var, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Lakin dövlətin səylərinə baxmayaraq, qadınlarımız milli mentalitetdən gələn dəyərləri və stereotipləri deyərdim ki, “qorumaqda” davam edirlər. Bütün yollar maariflənmədən keçir, qadınlar özlərinə güvənməli və mövcud stereotipləri sındırmalıdır deyə düşünürəm.

- Boşanmaların çoxalmasının səbəbi məhz bu ola bilərmi? Ümumiyyətlə, siz necə düşünürsüz, xoşbəxt olmayan ailə davam etməlidir, yoxsa ən yaxşısı sakit tərzdə boşanıb ayrılmaq yaxşıdır?

- Boşanmalara qarşıyam, bəlkə mən bir az köhnə fikirliyəm, amma ailədə uşaq varsa, qadın çalışmalıdır ki, ailəsini qorusun. Lakin zorakılıq olan yerdə əlbəttə ki, boşanma labüddür. Zorakılıq baş verən ailədə həm qadın, həm uşaq fiziki və mənəvi zərbə alır, belə uşaqlar böyüdükdə cəmiyyətə və ailəsinə aqressiv davranış nümayiş etdirir. Belə olan halda yolun yarısından qayıtmaqda fayda var.

- Sona xanım, Şəmkirdən millət vəkili seçilmisiz. Necə düşünürsüz, seçiciləriniz sizdən razı qalırmı? Seçicilərinizlə görüşləriniz tez-tez olurmu və ən çox hansı məsələlərə görə müraciət edirlər sizə?

- Seçicilərin razı qalıb-qalmaması ilə bağlı fikir bildirə bilmərəm. Əlbəttə, heç kim ideal deyil və mən də hamını razı sala bilmərəm. Çalışıram ki, heç olmasa il ərzində bütün kəndlərə gedim, seçicilərimlə görüşüm. Mənim təmsil olunduğum dairədə 21 kənd var, hələ ki, hər il bütün kəndlərdə oluram. Müraciətlər müxtəlifdir, müayinə, müalicə, əlilliyin müəyyən olunması və dərəcəsinin dəyişdirilməsi, sosial müavinət, su, yol, iş, torpaq, məktəb təmiri və s. bir çox müxtəlif səpkili müraciətlər olur. Əlbəttə ki, kənd yerlərində şəhər və qəsəbələrlə nisbətdə müəyyən problemlərin olması labüddür. Çünki buna təsir edən çox amil var.

- Sona xanım, sonda, millət vəkili kimi xaricdə tez-tez səfərlərdə olursuz. Necə düşünürsüz xaricdə ölkəmizi necə tanıyırlar?

- Xaricdə ölkəmizi qədim tarixə və zəngin mədəniyyətə sahib olan, inkişaf etməkdə olan gənc müstəqil dövlət olaraq tanıyırlar. Dövlət başçımız cənab prezident İlham Əliyevin başçılığı altında həyata keçirilən balanslaşdırılmış daxili və xarici siyasət, əhəmiyyətli yerli və regional iqtisadi layihələr ölkəmizi dünyada dinamik inkişaf edən ölkə kimi səciyyələndirir. Bundan başqa, bildiyimiz kimi Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu ölkəmizin hərtərəfli tanıdılması ilə bağlı çox gözəl işlər görür. Parlament və aidiyyəti qurumlar da bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Həm də onu demək lazımıdr ki, azərbaycanlıların çox gözəl genetik yaddaşdan gələn xüsusiyyəti var, milli kimliyi ilə qürur duymaq! Odur ki, bilirəm ki, əsl azərbaycanlı olan və vətənini sevən hər kəs dünyanın harasında yaşamasından asılı olmayaraq, vətənini tanıtmağa və qürur duymağa çalışır. Ulu Öndərin məhşur kəlamında dediyi kimi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu, özü bizim tanıtım vərəqimizdir.

Günay Elşadqızı / METBUAT.AZ

FOTOLAR: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR