“Bir zamanlar metro keçidlərində əhaliyə kredit paylayan banklar mövcud idi” - Pərviz Sədrəddinovla MÜSAHİBƏ / Fotolar

"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz “Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinovdur.

Metbuat.az Pərviz Sədrəddinovla olan müsahibəni təqdim edir:

- İstərdik ki, oxucularımız sizi yaxından tanısınlar...

- 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailədə 2 qardaşıq. O vaxt əksər sovet ailələrində olduğu kimi, mənim də atam mühəndis, anam isə müəllimə idi (gülür).

- Məktəb illərinizdən danışaq. Həmin dövrləri necə xatırlayırsınız?

- Birinci sinfə 1988-ci ildə Nəsimi rayonu 14 saylı orta məktəbin rus bölməsində başlamışam. Sonra 5 nömrəli məktəbdə orta təhsilimi başa vurmuşam. Ümumi götürsək, sakit uşaq olmuşam, amma yeri gələndə nadinclik də etmişəm. Dərslərdən hərdən 5 də alırdım, 4 də, hətta 2 də. Texniki fənlərə marağım böyük olub. Bəlkə də, ona görə Neft Akademiyasına daxil olmuşam.

- Uşaqlığınız 90-cı illərin çətin dövrlərinə təsadüf edib. Həmin illərlə bağlı xatirələrinizdə nələr qalıb?

- İndi uşaqlar üçün hər şey daha əlçatan və asandır. O vaxt çörək növbələrini xatırlayıram. 1990-1992-ci illərdə evə çörək almaq üçün hamı növbələrdə dayanırdı. Pul var idi, amma dükanlarda çörək və ərzaq tapılmırdı. Müəyyən bir kütlədən başqa, hamı eyni səviyyədə - kasıb yaşayırdı. İndi hər şey tam dəyişilib. Bu günə çıxmaq üçün həmin dövrləri keçmək lazım idi. Hazırda istədiyin vaxt, istədiyin məhsulu asanlıqla ala bilirsən. Biz də övladlarımızı tərbiyə edən zaman əldə olunan maddi və mənəvi dəyərlərin qədrini bilmək lazım olduğunu öyrədirik.

- Ailənizdən danışaq. Neçə övladınız var?

- 8 ildir evliyəm, həyat yoldaşım “Azercell” şirkətində işləyir. 2 oğul övladım var – birinin 7, o birinin isə 4 yaşı var. Təbii ki, övladlarımızın tərbiyəsi ilə özümüz məşğul oluruq. Çalışırıq ki, ailədə, nəsildə olan adət-ənənələri onlara da ötürə bilək. Çünki mühit dəyişir. Misal üçün biz smartfonlara 20-25 yaşımızdan sonra öyrəşə bilmişiksə, indiki uşaqlar artıq kiçik yaşlarından müasir avadanlıqları işlədə bilir. Amma bu, o demək deyil ki, onlar dəyərlərə, ənənələrə əməl etməməlidirlər. Uşaq müasir olmalıdır, amma adətlərimizi qoruyub saxlamaq şərti ilə. Məsələn, böyük otağa girirsə, kiçiyin uzanmağı yaxşı hal deyil. Ən azından böyüyə-kiçiyə hörmət etməyi bacarmalıdırlar. Uşaq ailədə nə görürsə, bu adəti özünə örnək götürür.

- Universitet dövrünüz necə keçib? Bir az o illərdən danışaq...

- Orta məktəbi bitirdikdən sonra, 1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-mexanika” fakültəsinin “Materialşünaslıq və yeni materialların texnologiyası” ixtisasına daxil oldum. Universitet illəri bir çoxları üçün maraqlı olsa da, mən tam olaraq tələbəlik həyatı yaşamamışam. Çünki universitetin 1-ci kursundan işləməyə başlamışam. O zaman “Bizim Əsr” adlı bir qəzet var idi. Həmin qəzetə ştatdankənar müxbir kimi işə düzəldim. Hamı dərsdən sonra, gəzməyə, çayxanaya və ya kafeyə gedəndə, mən işə gedirdim. Ali məktəbdəki ixtisasımı və jurnalistikanı paralel öyrənməyə başladım. Ona görə də demək olar ki, eyni zamanda iki fərqli sahədə təhsil almışam.

- Bir ixtisas üzrə təhsil alıb, başqa bir sahədə işləmək çətin deyildimi?

- Təbii ki, çətinliklər var idi. Universitetdə hər hansı bir neft mədəni və ya nasosların texnologiyalarından dərs keçirdimsə, günortadan sonra düzgün yazı yazmaq qaydasını öyrənirdim. Yaşca böyük təcrübəli jurnalistlərlə çalışırdım. İndi onların əksəriyyəti mühüm vəzifələrdə, dövlət strukturlarında, müxtəlif qurumlarda, iri holdinqlərdə çalışan tanınmış insanlardır. Onlardan çox şey öyrənmişəm. Həm də bu sahəyə həvəsim var idi. Maddi cəhətdən də yaxşı qazanırdım. Bu da məndə əlavə motivasiya yaradırdı (gülür). Yarım gün işləməyimə baxmayaraq, başqa sahələrdə bütün gün işləyən bir çox insanlardan daha çox pul alırdım. Qonorar əsasında işlədiyimiz üçün, nə qədər çox məqaləm çıxırdısa, qazancım da bir o qədər çox olurdu.

- Karyeranızın başlanmasından danışdınız, bəs sonrakı illərdə haralarda işləmisiniz?

- Ümumi iş stajım 19 ildir. Qeyd etdiyim kimi, karyera fəaliyyətimə 1999-cu ildə başlamışam. “Media Holdinq”in “Bizim Əsr” və “Naş Vek” adlanan qəzetlərində ilk olaraq ştatdankənar müxbir kimi işləmişəm. Məlumat üçün bildirim ki, həmin holdinq hazırda “Lider TV”nin və “Radio Lider”in də təsisçisidir. O zaman qəzetçilik dövrü idi. İnternet yox idi, çox az sayda qəzet çap olunurdu. Bütün sahələr kimi qəzetçilik də yeni-yeni inkişaf edirdi. Mədəniyyət, sosial həyat, iqtisadiyyat, hətta hadisə olan zaman kriminaldan da yazmışam. Bir il ərzində qəzetdə ştatdankənar çalışdım. Bir ildən sonra isə məni ştata götürdülər. Əsasən mədəniyyət sahəsindən yazırdım. Hətta 2001-ci ildə mədəniyyət sahəsindəki yazılarıma görə məşhur “Qrand” Müstəqil Milli İctimai Mükafatının “İlin jurnalisti” nominasiyasının qalibi olmuşam.

Sonra 2002-ci ildə ali məktəbi başa vurub, hərbi xidmətə yollandım. 2003-cü ildə əsgərlikdən qayıtdıqdan sonra bir müddət də həmin qəzetdə işlədim. Daha sonra qəzetimiz gündəlik tirajdan həftəlik tiraja keçdi. Bu səbəbdən başqa bir işə keçməyə qərar verdim.

O zaman ATV kanalının “Son xəbər” verilişinə reportyor axtarırdılar. Özümü jurnalistikanın televiziya sahəsində də sınamaq qərarına gəldim. Orada bir neçə ay işlədim. Amma gördüm ki, televiziya işi tam ürəyimcə deyil.

2004-cü ildə tanışlarımdan biri məni yeni açılan jurnala dəvət etdi. “Forsage” adlanan bu jurnal avtomobillərdən bəhs edirdi. 6-7 ay jurnalda baş redaktorun müavini, sonra isə baş redaktor vəzifəsində çalışmışam. Ümumiyyətlə, Azərbaycanda 2004-2006-cı illərdə avtomobil sahəsi sürətlə inkişaf edirdi. Bizim jurnal da bu istiqamət üzrə fəaliyyət göstərirdi. Jurnal Türkiyədə çapdan çıxırdı, o dövr üçün gözəl tərtibatlı, yüksək səviyyəli jurnal hesab edilirdi.

2005-ci ildə təsisçilərimiz qərara gəldilər ki, daha peşəkar və nüfuzlu jurnalı ölkəyə gətirsinlər. Araşdırmalardan sonra Almaniyanın “Axel Springer” adlı nəhəng media şirkəti ilə müqavilə imzalandı və dünyaca məşhur “AUTO BILD” jurnalı Azərbaycana gəldi. Bu jurnal peşəkar avtomobil jurnalı olmaqla, öz dilimizdə çıxan, ilk lisenziyalı jurnal idi. Ümumiyyətlə, layihə çoxbüdcəli idi. 5 il ərzində həmin jurnalın baş redaktoru, eyni zamanda şirkətin icraçı direktoru vəzifəsini icra edirdim. Jurnal 2010-cu ilə qədər fəaliyyət göstərdi. Dünyada baş verən iqtisadi böhran və Azərbaycanda avtomobil sahəsinin zəifləməsi bizdən də yan keçmədi və növbəti 5 il üçün lisenziya almaq istəyindən vaz keçdik. Şirkətimiz daha sonra reklam agentliyi kimi fəaliyyət göstərməyə başladı.

2010-cu ildən Azərbaycanda bank və sığorta sektoru sürətlə inkişaf edirdi. Ən azından, həmin sahədə sabitlik vardı. Bu səbəbdən, özümü sınamaq qərarına gəldim. 2011-ci ildə bir elanla qarşılaşdım – “DəmirBank” PR üzrə mütəxəssis axtarırdı. CV-mi göstərilən e-mail ünvanına göndərdim və məni müsahibəyə dəvət etdilər. 2011-ci ildən “DəmirBank”da aparıcı mütəxəssis vəzifəsində işləməyə başladım. Maliyyə sektorundan uzaq olduğuma görə ilk aylar müəyyən çətinliklərin öhdəsindən gəlməli oldum. Bilmədiklərim maliyyə terminlərini internetdə oxuyurdum və ya həmkarlarımdan soruşurdum. 2014-cü ilə qədər “DəmirBank”da işlədim. Artıq o zaman baş mütəxəssis idim.

Daha sonra “Expressbank”dan təklif gəldi və mən həmin banka keçmək qərarına gəldim. 2015-ci ildə orada mətbuat katibi olmaq məsələm gündəmə gəldi və qəbul olundu.

2016-cı ildə isə “Kapital Bank”dan təklif gəldi. Hazırkı departament direktorumuz Günel Fərzəliyeva və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova ilə görüşdüm və təkliflərini qəbul etdim. Artıq 3 ildir “Kapital Bank”dayam.

- Hərbi xidmətdə harada olmusunuz?

- 2002-2003-cü illərdə Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşam. Əsgərliyə gedən zaman Dövlət Sərhəd Xidməti o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin tərkibində idi. Əsgərlikdə olan zaman Dövlət Sərhəd Xidməti müstəqil quruma çevrildi. Bi raylıq təlimi Şəmkir sərhəd xidməti dəstəsində keçmişəm. Növbəti 11 ayı isə Gürcüstanla sərhəddə - “Sınıq körpü” Sərhəd Nəzarət Məntəqəsində olmuşam. Universitet vaxtı işləməyimin əsgərlikdə mənə çox böyük köməyi oldu. Əsgərlikdə olan zaman bütün Sərhəd Nəzarət Məntəqələri kompüter sisteminə keçdi. Bizim vaxtımıza qədər orada qeydlər dəftərdə aparılırdı. Artıq materiallar, proqramlar kompüterlərə köçürülməli idilər. Lakin, hərbçilər bu sistemi bir o qədər də yaxşı bilmirdilər. Ona görə də, kompüterdə işləməyi bacaran əsgərləri bu işə cəlb etmək qərarını verdilər və yekun olaraq məni seçdilər. Hərbi xidmətdə hərbçilərə kompüterlə bağlı təlimlər keçməyə başladım. O sistemin qurulmasında mənim də əməyim olub (gülür).

- 5 il öncəki bank sistemi ilə indiki bank sistemi arasında nə kimi fərqlər var?

- Bu sualı 2017-ci ildə versəydiniz, birinci fərq olaraq bankların 5 il öncə daha aktiv olduğunu deyərdim. Çünki məlum 2 devalvasiyadan sonra maliyyə bazarı ciddi böhrana məruz qaldı. Bir neçə bank bağlandı, bankda işləyən insanlar işsiz qaldı. Banklar kredit verə bilmirdi. Əksər banklar nəinki gəlir əldə edə bilmirdilər, hətta ziyanla işləyirdilər. 2018-ci il olduğunu nəzərə alaraq isə, onu deyə bilərəm ki, bu ildən neftin və manatın məzənnəsində sabitlik olduğu kimi, bank sahəsində də müəyyən sabitlik var. Artıq banklar dirçəlib, onların arasında mənfəət əldə edənlər var. Bank sahəsində indi çox böyük işlər gedir. Rəqəmsallaşma üzərində layihələr tətbiq edilir. “Kapital Bank”ın da növbəti illər üçün strategiyasının ən mühüm bəndlərindən biri, rəqəmsal bankçılığa keçiddir. Bir neçə il bundan əvvəl filialdan kiməsə pul göndərəndə, bunu özümüz üçün gözəl xidmət sayırdıq. Lakin indi filiala getməyə belə ehtiyac qalmır. Bununla bağlı müxtəlif vasitələr və mobil tətbiqlər var. Həmin tətbiqlər vasitəsilə bir kartdan digər karta bir toxunuşla pul köçürmək olur. Əvvəllər bankdan kredit almaq üçün saatlarla növbədə gözləmək, vaxt itirmək lazım idisə, indi bunu onlayn şəkildə həyata keçirmək olur. Sistem vasitəsilə müraciətlər nəzərdən keçirilir, dərhal bununla bağlı müştəriyə cavab deyirlər. Bank sahəsi hazırda çox inkişaf edib. Sadəcə, dinamikası çatışmırdı, amma cari ildən etibarən artıq dinamiklik də müşahidə olunur.

- Problemli kreditlər hazırda hansı vəziyyətdədir?

- Problemli kreditlər bank sahəsində həmişə mövcud olub. Nə qədər ki, kredit verilir, o qədər də problemli kreditlər olacaq. Belə problemlər hamıya kredit verən banklarda daha çox rast gəlinir. Bir zamanlar metro keçidlərində əhaliyə kredit paylayan banklar mövcud idi. Daha sonra 2 devalvasiya oldu və problemli kreditlər portfeli “şişdi”. Müştərilər götürdükləri kreditləri ödəyə bilmirdilər. Problemli kreditlərin qaytarılması ilə bağlı bir çox işlər görülür. Hətta ölkədən çıxışa qadağa da qoyula bilər. Bu gün kredit alınan zaman gəlirləri təsdiq edən sənəd mütləq olmalıdır. “Mən filan qədər qazanıram, amma sistemdə az göstərir” mövzuları artıq keçmişdə qalıb. Gəlirləri təsdiq edən rəsmi sənəddə və ya e-gov portalında misal üçün, 450 manat aylıq gəlir göstərilibsə, bank onun müqabilində müəyyən edilən krediti müştəriyə verir. Problemli kreditlərin böyüməməsi üçün dövlət tərəfindən də müəyyən addımlar atılıb.

- “Kapital Bank”ın mətbuat xidməti hazırda jurnalistlərlə necə işləyir?

- Qeyd etdiyim kimi, 3 ilə yaxındır ki, “Kapital Bank”dayam. Fəaliyyətimizi siz jurnalistlər daha yaxşı görürsünüz. Çalışırıq hər zaman media ilə sıx işləyək. Reytinqlərin nəticələrinə görə Azərbaycanda banklar arasında ən çox press-reliz yayan bank bizimkidir. Mətbuatda adımızın pozitiv tərzdə çəkilməsinə görə də birinci yerdəyik. Neqativ xəbərlər görə isə son yerdəyik. Media ilə əlaqələr hazırda çox yaxşıdır. Bank daxilində rəhbərliyimiz də mötəbər media nümayəndələri ilə hər hansı bir layihələrin hazırlanmasına, işgüzar münasibətlərin qurulmasına hər zaman müsbət qərarlar verirlər.

Mətbuat katiblərini mətbuat katibi edən mediadır. Çünki bizim əsas işimiz media ilə sıx işləməkdir. Mətbuatla iş çox həssasdır. İstənilən xəbər dərhal saytlar vasitəsilə tirajlanır. Əfsuslar olsun ki, reytinq və ya başqa vasitələrin arxasınca qaçan, qeyri-peşəkar saytlar və jurnalistlər də mövcuddur. Bəzən olur ki, dezinformasiya yayırlar, xəbəri dəqiqləşdirmədən, heç bir sübut olmadan nələrdənsə, kimlərdənsə yazırlar. Girirsən saytın “Əlaqə” bölməsinə, saytın nə ünvanı göstərilib, nə telefon nömrəsi var. Yalnız bir "e-mail" qeyd olunub, o da heç öz domenlərində deyil, "gmail" kimi ümumi "e-poçt" xidmətinə bağlanıb.

Sizin portal vasitəsilə bizimlə əməkdaşlıq edən, xəbərin düzgünlüyünü dəqiqləşdirərək yazan və hər zaman mövqeyimizi dərc etməyə hazır olan jurnalistlərə, saytlara, media nümayəndələrinə təşəkkürümü bildirirəm.

- PR sahəsinin əsas istiqamətlərindən biri də sosial layihələrdir. “Kapital Bank” fəaliyyətiniz dövründə hansı uğurlu sosial layihələrə imza atıb?

- "Kapital Bank" ölkənin birinci bankıdır. Bu, bir çox meyarlara görə belədir. Birincisi, tarixi ilə - biz 1874-cü ildə yaradılan “Əmanət kassası”nın varisiyik. Həmçinin, bizim şüarımız da “Birinci Bank”dır. Bizim dediyimiz birincilik təkcə tarixlə deyil, xidmətimiz, fəaliyyətimiz, müştəri məmnuniyyəti ilə də bağlıdır.

Layihələrə gəldikdə, onların əksəriyyəti uğurlu və davamlı olur. Müştəriyə istiqamətlənən layihə və yeniliklərlə yanaşı, il ərzində 10-dək sosial layihə həyata keçiririk. Bu layihələr müxtəlif istiqamətli olur.

Bizim müştərilərimizin bir hissəsi təqaüdçülərdir. Onların maarifləndirilməsi ilə bağlı bir sıra layihələrimiz var. 2018-ci ildə Kapital Bank-ın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Yaşa” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirildi. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində fəaliyyət göstərir. Bu layihə “Üçüncü bahar” təşəbbüs qrupunun ideyası əsasında həyata keçirilib. Mərkəzdə təlim, kompüter, yaradıcılıq, rəqs və idman otaqları yaradılıb. Təqaüdə çıxan insanların əksəriyyəti depressiyaya düşür. Hər gün səhər işə gedən adam bir gün səhər oyanıb, işə getmir, özünün lazımsız olduğunu fikirləşir. Bu layihə çərçivəsində təqaüdçülər gəzintiyə gedir, müxtəlif maraqlı peşələrlə məşğul olurlar. Həmçinin, onlar üçün maliyyə savadlığı tədbirləri də təşkil edirik. Həm regionlarda, həm də mərkəzdə onlara “Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda müxtəlif təlimlər keçirik.

Sosial layihə istiqamətlərindən biri uşaqlarla bağlıdır. Hər il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində tədbirlər keçiririk. Bu il “Möcüzələr xəzinəsi” adlı sosial layihə təşkil etdik. Layihə çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün Azərbaycan dilində nağılları audio kitab formasında hazırladıq. Bu nağılları “Yaşa” mərkəzinin təqaüdçüləri səsləndirib. Əlil uşaqlara dəstək olduqlarına görə təqaüdçülərimiz çox xoşbəxt idilər.

Bundan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Uşaqların İnternet Təhlükəsizliyi” layihəsində iştirak etdik. Layihə əsasında uşaqların internetdən daha təhlükəsiz istifadə etməsi üçün xüsusi tətbiq hazırlanıb. Bu tətbiq vasitəsilə valideynlər uşaqlar üçün təhlükəli bildikləri saytlara, forumlara, qruplara olan girişlərinə məhdudiyyət tətbiq edə bilirlər. Bundan başqa, övladının daxil olduğu saytlara nəzarət imkanı da əldə edirlər.

İdmanla bağlı layihəmiz çərçivəsində tərəfdaşlıq etdiyimiz “Sumqayıt” futbol klubu ilə müxtəlif layihələr həyata keçiririk. Hər il “Futbol sağlam həyat”, daha sonra “Yay futbol düşərgəsi” adlı ənənəvi tədbirlər keçiririk. Bu il həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə daha bir müqavilə imzaladıq. Müqavilənin şərtlərinə görə, "Kapital Bank" yeni mövsümdən başlayaraq AFFA-nın U-14 liqasının rəsmi tərəfdaşı oldu və bu liqanın adı “Kapital Bank U-14” oldu.

Təhsil ilə bağlı layihələrimiz də olduqca çoxdur. Təhsil Nazirliyi ilə olan əməkdaşlığımız artıq partnyorluğa çevrilib. Bu il də ənənəvi “Beynəlxalq Təhsil Sərgisi”nin tərəfdaşı olduq. “Beynəlxalq Fənn Olimpiadası”, “Respublika Fənn Olimpiadası”, “Azərbaycan üçün öyrət”, “Təhsil Avtobusu”, “Sabah” qrupları tədbirləri də bizimlə birgə həyata keçirilir. Həmçinin, ADA-ya, Dövlət İqtisad Universitetinə müxtəlif layihələr üzrə dəstək göstəririk.

Cari ilin sentyabr ayından yeni “Könüllülər” layihəmiz start götürdü. Layihə çərçivəsində seçilən gənclər filiallarımıza gəlib, 3 ay müddətində könüllü şəkildə işləyirlər. Sonra fikirləşdik ki, könüllülər arasında niyə təqaüdçülər olmasın?! Ona görə də 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə 5 filialımızda təqaüdçülər könüllü olaraq 1 ay müddətində təqaüdçü müştərilərimizə xidmət göstəriblər.

- Sonda “Kapital Bank”ın müştərilərinə və oxucularımıza nə demək istərdiniz?

- “Kapital Bank”ın müştərilərinə ilk növbədə təşəkkürümü bildirmək istəyirəm. Çünki bizim bankı birinci edən əsas amil milyonlarla müştərinin bizi seçməsidir. Bizim xəbərlərimizi izləsinlər, səhifələrimizə baxsınlar, yeniliklərdən xəbər tutsunlar. Biz, hər zaman müştəriyə açığıq və bütün təklifləri nəzərdən keçiririk.

Oxuculara Metbuat.az saytını digər mötəbər saytlar kimi tövsiyə edərdim. Gün ərzində bir çox xəbərlər, aktual mövzulardan bəhs edən canlı yayımlarla oxucularınızın görüşünə gəlirsiniz. Sizin rubrikanıza da uğurlu və uzunömürlü olmasını arzulayıram. Müsahibəyə görə həmçinin portalın rəhbərinə, redaktor heyətinə və sizə təşəkkürümü bildirirəm.

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayılov

“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR

“Deyirdilər ki, qalstuku çox xoşlayırsan” - Elnur Niftəliyevlə MÜSAHİBƏ / FOTOLAR

“Qapını açmasaydılar, bəlkə də jurnalist olmayacaqdım” - Qabil Babayevlə MÜSAHİBƏ / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI