"Yalandan özümüzü aldatmayaq" - APARICILAR danışdı/ FOTOLAR

Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Bu münasibətlə Metbuat.az tanınmış simaların təssüratlarını öyrənmək üçün onlarla əlaqə saxladı:

Teleaparıcı, sənətşünas Elçin Əlibəyli:

“Maarifçilik cərəyanının tarixi göstərdi ki, onun işi faydasızdır. Avropa ondan sonra iki böyük müharibəyə, yalnız yüz il sonra insan haqqlarına dəyər verdi. İnsan haqqları məsələsi də sosialisizmin qorxusundan yarandı. XX əsr nasizm, faşizm kimi qeyri-insani quruluşlar maarifçiliyin faydasız olduğunu göstərdi. Avropanı, Amerikanı xilas edən "beyin saqqızı" -pop mədəniyyət oldu. Yəni, kütlə və cahil adamın maariflənməyini gözləmə onun qabağına yem-biliklər yox, saqqız-şou, kino, tv, konsert, performans, heppininq əyləncəsini qoy, özünü xoşbəxt hiss etsin. Sadəcə bu pop yolu ilə onun ictimai fəallığını almaq, kütləvi qorxu içində saxlamaq və manipulyasiya üçün münbit şərait yaratmaq lazım idi, bunu da bacardılar. Yaponiya kimi təhsilli və inkişaf etmiş bir ölkədə porno verilişlər tv-lərdən verilirsə, bu dediyimizin sübutudur. Yəni, maariflənmə ilə düz yola gəlməyəcək kütlənin başını qatmaq, gücünü ayrı səmtə yönəltmək doğru yol kimi seçildi və effekt verdi. Marifflənmə isə yalnız bir təbəqəyə xasdır ki, o da bütün cəmiyyətlərdə jəmişə azlıqda qalır. Biz sadəcə orada səhv edirik ki, kütləni kitab yolu ilə düzəltmək istəyirik. Oxumaqdan qorxan kütləyə üstəlik ağır ədəbiyyat vermək onu qorxutmaq deməkdir. Həmçinin, cahil bir kəsi maarifləndirmə cəhdi yersizdir, mübahisəyə belə dəyməz onun İQ və EQ səviyyəsində olan bir söhbəti etməklə uzaqlaşmaq lazımdır. Əks halda pis yoluxucudur. Cahili kamilləşdirmək mümkünsüzdür, sadəcə özünüzlə bir "saqqız" gəzdirin və onlarla sözününz düşəndə verin çeynəsinlər. Məsələn, lətifə. Bizim kütlə özünə oxşarların düşdüyü axmaq vəziyyətlərin kiçik hekayətlərini həmişə böyük həzzlə qəbul edir. Televiziyalarımız da lətifələrdən ibarət bir mozaikadır.”

Azvision.az saytının baş redaktoru və teleaparıcı Vüsal Məmmədov:


“İndi hamı aparıcıdır. Savadına, bacarığına, istedadına heç bir tələb qoyulmadan kim gəldi, efirə buraxılır. Ona görə də, bu işin heç bir ləzzəti qalmayıb. Heç əvvəlki hörməti və nüfuzu da yoxdur. Yalandan özümüzü aldatmayaq.”

Aynur Vəliqızı "Lider Xəbər" Departamentinin Sosial və Mədəniyyət redaksiyasının rəisi:

“ Ömrümün 18 ilini nə qəzetə nə də radioya həsr etmişəm. Sırf televiziya ilə məşğul etmişəm. Bundan heç vaxt peşiman olmadım. Bu sahəni hər zaman daha dərindənöyrənməyə çalışdım bu gün də öyrəndim. AzTV-dən başlayan televiziya da ugur yolum Liderle davam edir. Bundan qürur duyuram. Çünki bu sahə mənə hər zaman baş ucalıgı getirdi. Hər kəsdən hörmət gördüm. Düşünürəm ki, hamı televiziyada calışanlara hörmətlə yanaşmalıdır. Çünki bizim peşəmiz həqiqətən çox əziyyətlidir. Mən televiziyada əmək sərf edən hər kəsi xüsusi ilə korifeyləritəbrik edirəm. Sizdən ilhamlandıq, sizdən öyrəndik bu sənəti seçdik. Gününüz mübarək.

Teleaparıcı Mələk Heydərova:

“Bu gün bizim hər birimiz üçün sevindirici bir gündür. Bu gün bizim peşə bayramımızdı. Mən də həmkarlarımı təbrik edirəm. Hər kəsə bir arzum var ki, işlərini vicdanla yerinə yetirsinlər. Çünki bizim işimiz elə işdir ki, burda mütləq insan öz vicdanını, səmimiyyətini ortalığa qoymalıdır. Nəyinsə xətrinə, kiməsə görə işləməməlidir. Əlbəttə biz hər birimiz xalqa xidmət edirik. Mən bu günə kimi belə işləmişəm. Bu gündən sonra da belə qalacam. Nə mutlu bizə ki, Azərbaycanda televiziyalar günbəgün inkişaf edərək önə gedir. İnanıram ki, gələcəkdə daha uğurlu layihələrlə seçilələcəyik.”

Teleaparıcı Amil Xəlil:

“Təbrikiniz üçün cox sagolun . Düzü bugünkü bayramı axşam qeyd edəcəm. Televiziya mənim üçün ən sərəfli işdir.Sevirəm işimi.Elə televiziyada qocalıb haqq dünyasına qovuşmaq ən böyük şərəf olacaq.İnşallah həmkarlarımda paxıllıq hissi geridə qalar. Dostcasına rəqabət apararıq. Bütün həmkarlarımı təbrik edirəm."

Teleaparıcı Lalə Mustafayeva:


“Bütün həmkarlarımı təbrik edirəm. Hər birimizə uğur və bol şans arzu edirəm. Arzu edirəm ki, paxıllıqdan, dedi qodudan və qeyri professionallardan uzaq olaq. Hər zaman həmrəy və dürüst olaq.”

Teleaparıcı Yeganə Cansail :

“Gözəl bir gündür. Fəxr hissi duyuram. Həmkarlarımı təbrik edirəm.”

Aparıcı Sevda Rəsulqızı:

“ Çox sağ olun təbrikə görə. Mən də bütün həmkarlarımı təbrik edirəm. Eyni zamanda tamaşaçıları və dinləyiciləri də təbrik edirəm. Çünki bizim qədər onların da bayramıdır. Bu sahədə çalışanlara ən xoş arzu tamaşaçı rəğbəti, tamaşaçı məhəbbətidir. Tamaşaçılara isə arzum arzu etdikləri hər şeyi media ilə bölüşmə imkanıdır. Bir-birimizin xoş soraqlarını eşidək, eşitdirək. Radioya qeybdən gələn səs, TV isə sehirli güzgü kimi əlçatmaz olmasın.”

Aparıcı Murad Həşimov:

“Bir 6 noyabr, bir də 29 dekabr çox əziz tarixdir. 29 dekabırda ilk dəfə televiziyada işləməyə başlamışam. Düz 10 ildir bu sahədəyəm. Radio, televiziya mənə çox şey qazandırıb. 2 il radio aparıcılığı da etmişəm. Dadı hələ də damağımdadır. Uzun sözün qısası - bu sahə, buraya aid olanlar, təsadüfi olmayanlar üçün həzz mənbəyidir. Pafossuz zadsız. Azartdır. Gecəsi, gündüzü yoxdur. Hamısını gözə alan bütün həmkarlarımı təbrik edirəm! Elə danışaq və göstərək ki, adam içinə çıxmağa üzümüz olsun! Ustadlarımı - Vəli Əkbər, Rafiq Həşimov və Aytən Əliyevanı isə bağrıma basıram! Əllərindən öpürəm!”

Tahirə Əlirzayeva \\ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR