İki ermənini məğlub edən 10 yaşlı AZƏRBAYCANLI qız - MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az saytında "Sərdarla İDMAN VAXTI" layihəsinin ilk müsahibi iki ermənini məğlub edərək Qafqaz çempionu olan 10 yaşlı Nəzrin Hacıyevadır.

Həmin maraqlı müsahibəni təqdim edirik:

- Özün haqqında danışaq...

- 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 10 yaşım var. Ailəmiz 4 nəfərdən ibarətdir. 4 yaşında balaca bacım var. Atam bakılı ( hüquqşünas ), anam isə naxçıvanlıdır (həkim ).

- Məktəbdə dərslərini necə oxuyursan?

- 269 saylı orta məktəbin 5-ci sinfində gedirəm. Dərslərimi yaxşı oxuyuram. Müəllimlərim də məndən razıdırlar. Sinif yoldaşlarımla da aramız yaxşıdı. İdmanla məşğul olmağıma baxmayaraq, dərslərimə də vaxtlı-vaxtında hazırlaşıram. Çətinliklər olmasına baxmayaraq çalışıram ki, müəllimlərim daim məndən razı qalsınlar.

- İdmana marağın necə yarandı?

- Əvvəlcə gimnastika ilə maraqlanırdım. Onun məşqlərinə gedirdim. Sonra isə müəyyən çətinliklər oldu və gedə bilmədim. Uşaqlıqdan atam mənim karate ilə məşğul olmağımı istəyirdi. Gimnastika məşqlərini dayandırdıqdan sonra isə 5 yaşımda atam məni karate kursuna yazdırdı ( Kyokuşin növü üzrə). Karateyə gedəndən sonra bu idmanı çox sevdim və qərara aldım ki, daim məşğul olum.

- Kyokuşin növü ilə bağlı çox məlumatımız yoxdur. Bu barədə bizə bir az məlumat verə bilərsənmi?

- Kyokuşin karatenin ən ağır növlərindən biridir. Burada belə desəm, qorunma yoxdur. Daha açıq şəkildə mübarizə aparırıq. Nə bədənimiz qorunur, nə də əllərimizdə əlcək olur. Sadəcə 11-12 yaşa qədər əlcək taxmağa icazə verilir. Travmalar çox olur. Bu idman növündə birbaşa məqsəd rəqibə ağır zərbə endirərək onu yerə otuzdurmaq, nakauta, naqdauna salmaqdır. Bu idmanda gərək çox dözümlü olasan. Ağırdı deyə çox vaxt, əsasən də, qız idmançılar bu idmandan tez uzaqlaşırlar.


- Ağır zədə almısanmı?

- Hə çox olub. Gözümdən, qarın nahiyəmdən çox zədə almışam. Amma bu idman növündə elədir ki, zədələrini çox bildirməməlisən. Hətta bir dəfə yarışda ağır zədə almağıma baxmayaraq bunu bildirmədim. Sonradan isə öz qüvvəmi toplayaraq rəqibimə qalib gəldim və birinci oldum.

- Bu yaşda həm idmanla məşğul olursan, həm də məktəb dərslərinlə. Necə planlayırsan bunu?

- Əslində çox çətin olur. Amma atam daim mənə kömək edir. Həftədə 3 dəfə 1, 3, 5-ci günlər idman məşqlərinə gedirəm. Məktəbdə günorta rejimində oxuyuram. Dərsdən evə gedib yemək yeyirəm, sonra da məşqə gedirəm. Məşqim 1,5 saat olur. Çətinliklərə baxmayaraq həm dərslərimi, həm də idman məşqlərini heç axsatmıram.


- İndiyədək hansı uğurların olub?

- İlk gündən etibarən karatenin “Kyokushin” növü ilə məşğul oluram. Karatedə bir müdafiə olunanlar, bir də Kattaya ( Karatedə müxtəlif hərəkət texnikalarının göstərilməsi ) meylli olanlar var. Məndə bunların hər ikisi alınır. Ona görə də bu idman növündə daha üstün çıxış edə bilirəm. İndiyə qədər bu idman növü üzrə keçirilən demək olar ki, bütün yarışlarda iştirak etmişəm. 7 dəfə Bakı çempionu, 3 dəfə ölkə çempionu və 1 dəfə də Qafqaz çempionu olmuşam. Bununla yanaşı, beynəlxalq səviyyəli bir neçə turnirdə iştirak etmişəm, Xocalı ilə bağlı keçirilən yarışda qalib olmuşam. Ən böyük uğurum isə təbii ki, Qafqaz çempionluğudur.

- Qafqaz çempionluğunun üstünlüyü nədir?

- Qafqaz çempionatında Azərbaycan, GürcüstanErmənistan idmançıları yarışırdı: İki erməni, bir gürcü idmançı və mən. İlk görüşümdə erməni ilə qarşılaşdım və onu məğlub etdim. Gürcü idmançı isə digər erməni idmançı ilə qarşılaşdı. Gözləyirdim ki, finaldakı rəqibim gürcü olacaq. Amma o gözlənilmədən rəqibinə məğlub oldu. Beləliklə mən, finalda da erməni idmançı ilə mübarizə apardım və onu da məğlub etdim.

- Çempion olarkən hansı hissləri keçirdin?

- İştirak etdiyim bütün yarışlarda, eyni zamanda da Gürcüstanda keçirilən Qafqaz çempionatında əsas məqsədim Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi. Mən əvvəlcədən yarışda iştirak edən ümumi idmançıların siyahısında kimlərin olduğunu bilirdim. Finalda da erməni idmançı ilə qarşılaşma ehtimalım çox idi. Ona görə çox ciddi hazırlaşmışdım. Çox həyəcanlı idim. Əsas hədəfim çempion olmaq idi. Buna nail oldum.


- Çempion olmağına oradakı ermənilər ( idmançı və iştirakçı kimi gələnlər) necə reaksiya verdilər?

- Hələ yarış başlamazdan əvvəl, ermənilər mənə tərs-tərs baxırdılar. Mənsə öz cavabımı onları rinqdə məğlub edərək və Azərbaycan bayrağını yüksəklərə qaldıraraq cavab verdim.

Hətta mən döyüşə çıxanda erməni idmançının anası mənim müəllimimə mane olurdu, fikrini yayındırmaq istəyirdi. Bilirsiz ki, bu idman növündə məşqçilər tribunanın kənarından idmançıya dəstək ola və müxtəlif hərəkətləri etməsi ilə bağlı yönləndirə bilərlər. Erməni idmançının məşqçisi bunu edirdi, amma idmançının anası isə müəllimimin mənə kənardan dəstək olmasına mane olurdu, hətta əli ilə məşqçimi dartırdı ki, heç nə deməsin. Məşqçim isə bunun qaydaya uyğun olduğunu və mane olmamasını bildirirdi. Əgər bir neçə dəqiqə də aralarındakı mübahisə davam etsəydi, bəlkə də ara qarışa və xoşagəlməz hadisələr yaşana bilərdi.

- Qafqaz çempionluğundan sonra ailə üzvlərin, yaxınların məktəbdə müəllimlərin və sinif yoldaşların səni necə qarşıladılar?

- Ailə üzvlərim, qohumlarım bu qələbəmə görə çox sevindilər. Hamı məni təbrik etdi. Mən bilirdim ki, məktəbə gedəndə hamı sevinəcək və məni təbrik edəcək. Amma bundan artığını etdilər. Müəllimlərim, sinif yoldaşlarım mənə çox gözəl bir hədiyyə almışdılar, əl çalaraq da təbrik etdilər. Hədiyyəyə və məni elə qarşılamalarına görə onlara çox təşəkkür edirəm.

Bundan əlavə məktəbimizlə bir tədbirə qatılmışdıq. Orada tanınmış yazıçımız Zahid Xəlil də iştirak edirdi. Uğurlarım haqqında biləndə məni təbrik etdi və xüsusi hədiyyə də verdi. Çox sevindim.


- Gələcək planların, hədəfin nədir?

- Planlarım çoxdur. Hədəfim bu idman növü üzrə dünyada birincilərdən olmaqdır. Üzərimdə daha çox işləyərək, bildiklərimi getdikcə daha da artıraraq böyük nailiyyətlər qazanmaq və Azərbaycan bayrağını daim yüksəklərə qaldırmaq istəyirəm.

- Sonda ürək sözlərin...

- Mənim bu idman növündə inkişaf etməyimə, uğurlar qazanmağıma görə dəstək olan Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərova, vitse-prezident Allahverdi Rüstəmova, idarə heyətinin üzvlərindən biri olan Qabil Sayadova, uşaqların və yeniyetmələrin baş məşqçisi Oruc Səfərova və öz məşqçim beynəlxalq dərəcəli qara kəmər ustası Vüsal Məmmədova minnətdarlığımı bildirirəm.

Ən sonda dəyərli müsahibə üçün Metbuat.az-a təşəkkür edirəm.

Müsahibimizin atası Pərvin Hacıyev ölkəmizdə idmana göstərilən yüksək qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdar olduğunu bildirib.

Sərdar Məmmədov / Metbuat.az

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI