​Səhnəmizin nurlu siması…

Səhnəmizin nurlu siması…

Teatr mənim nəzərimdə əvəzsiz sənət ocağıdır.Burda çalışan aktyorlar bu ocağın sönməz işıqlarıdı. Bu işıqlar gur yandıqca sanki hər birimizin qəlbində yenidən kiçik bir ocaq qalanır. Lətifə Əliyeva!

-Bu sənət ocağının ən istedadlı nümayəndəsi... Tamaşaçılar teatrının istedadlı aktrisası... Uzun illər ərzində müxtəlif obrazlara canından, qanından bir parça verərək, bizə bu obrazları sevdirən aktrisa...

Teatrda onun obrazlarını araşdırarkən belə bir qənaətə gəlirsən ki, hər obrazda sanki o özünü yaşayır... Nazlı - («Şamdan bəy», Nəriman Nərimanov),Gülcamal - («Komsomol poeması», İskəndər Coşğun), Sənubər - («Mənim nəğməkar bibim», Əkrəm Əylisli), Nabat - («Tamahkar», Süleyman Sani Axundov), Pitrağ, Çayır - («Aycan», Xanımana Əlibəyli), Tülkü - («Çal oyna», İskəndər Coşğun), Gövhər - («Məhəbbət bir bəladır», Əhməd Orucoğlu), Qadın - («Olmuş əhvalat», Aqşin Babayev), Əminə xala – («Ağ dəvə», Elçin), Teyyibə – («Hacı Qara», Mirzə Fətəli Axundov), Nəzakət – («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev). Gah sevir... Gah sevilir... Gah xəyanətə uğrayır... Gah da unudulur... Bu da onun illərin təcrübəsinə arxalanan professionallığının nəticəsidir.

Teatr qədər kino obrazları da müxtəlifdir aktrisanın: 72 km (film, 2014), 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film), Ağ atlı oğlan (film, 1995), Almas Yıldırım (film, 2004), Anamın kitabı (film, 1994), Bəyin oğurlanması (film, 1985), Bircəciyim (film, 1986), Cəza (film, 1996), Dəvətnamə (film, 1989), Gənc qadının kişisi (film, 1988), Girişmə, öldürər! (film, 1990), Hacı Qara (film, 2002), Hər şey yaxşılığa doğru (film, 1997), Yuxu (film, 2001). Gəlin "Bəyin oğurlanması" filmindəki obrazı yada salaq... Nə qədər mülayim, qəlbə yaxın eyni zamanda da əsl azəri xanımına məxsus zahiri və daxili ştrixlərlə zəngin bir xanım... Kadrda göründüyü andan yaddaşlara həkk olunan şərq qadını siması...Müxtəlif kino obrazlarını canlandıran aktrisa,hər birinə xüsusi ustalıqla yanaşır ki,tamaşaçı dərhal bunu hiss etməkdə çətinlik çəkmir.

Bildiyiniz kimi GTTnın 90 illiyi ərəfəsində bu gözəl teatrın bir çox aktyoruna Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət Naziri Əbülfəz Qarayev tərəfindən fəxri adlar təqdim olunmuşdur. Aktyorlar İlham Əsədov və Küşvər Şərif,resp.əməkdar artisti, Nübar Novruzova və Lətifə Əliyeva isə resp.xalq artisti adlarına layiq görülmüşlər. Xatırladaq ki, bir neçə ay öncə Teatrın aparıcı aktrisası Naibə Allahverdiyeva da xalq artisti fəxri adına layiq görülüb. Biz də bütün aktyorları təbrik edirik.

Əlbəttə, bu günkü sohbət açdığım aktrisa Lətifə xanım Əliyeva əlbəttə ki,bu ada layiq olmaqla yanaşı birdaha yüksək tamaşaçı sevgisi ilə bahəm Dövlət qayğısı və sevgisi sevincini məhz bu fəxri adla bir daha hiss etmişdir.Aktrisa o zaman xoşbəxtdir ki, o həm tamaşaçı sevgisindən həm də öz yaşadığı dövlətin ona göstərdiyi qayğıdan bəhrələnə bilir...Təəssüf ki, bu tandem hər aktrisaya nəsib olmur... Düşünürəm...Nədir onu bizə buqədər doğma, içdən hesab etdirən... Üzündəki səmimiyyətmi ?... Qəlbindəki o böyük sənət yanğısımı?... Sanki yaş üstünə yaş gəldikcə səngiyəcək sandığımız bu qığılcımlar əksinə yenidən alovlanır...

P.S. Çox təəssüf olsun ki, yaşla əlaqədar teatrdan uzaqlaşdırılan aktyorların sırasında Lətifə xanım Əliyeva da var. İnanırıq ki, haqq yerini tapacaq. İllərini bu teatra həsr edən aktrisa, yeni obrazlarla bizi sevindirməkdə davam edəcək.

Təranə Feyzullayeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR