Nazirdən paylanan "xəstə heyvanlarla" bağlı AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində 30 min baş iri və xırdabuynuzlu heyvan paylayıb. Heyvanların çoxunun xəstə olması ilə bağlı fikirlər əsassızdır. Ümumi xəstə heyvanların sayı bir faizdən aşağıdır.

Metbuat.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bir faizə kütləvi narazılıq demək yanlışlıqdır.

“İnsanlar heyvanlar təqdim ediləndən 2-3 ay sonra dəyişdirilmək üçün müraciət edib. Lakin biz bu heyvanları təqdim edərkən baytarlıq arayışı, heyvanı alanın özünün razılığı olur. Bütün müraciət edənlərə özlərinin imzası ilə təsdiq etdikləri aktı təqdim edirik. Noyabrda heyvanı alıb razılıq edir, bir neçə ay sonra heyvanın xəstə olduğunu deyirlər. Bu müddət ərzində heyvana necə baxılması, xəstələnməsi sual altındadır. Lakin bununla yanaşı bildirmək istəyirəm ki, kim narazılıq edibsə onlara baxılıb. Heyvanların arasında fərqlərin olmasına gəldikdə isə bildirmək istəyirəm ki, 30 min heyvan hər hansı avadanlıq deyil, müəyyən fərqlər olmalıdır”.

Proqram çərçivəsində heyvanların yüksək qiymətlərə alınmasına gəldikdə, nazir bu rəqəmin əsassız olduğunu deyib:

“Alınan qiymətlər bu vaxta qədər alınanlardan aşağıdır. Vergi və xərclər daxil olmaqla bu rəqəm 1800 manatdan yüksək deyil. 5 min manata alınması fikirləri doğru deyil. Çünki bizim fəaliyyətimizin əsasında sosial ədalət və şəffaflıqdır. Satınalmada qiymət artımına yol verilməyib. Bu il alınan heyvanlar ötən ildən 13, avadanlıqlar 22-25 faiz daha ucuz alınıb”.

Nazir bildirib ki, bu məsələdə manipulyasiya ilə məşğul olmaq istəyənlər var.

“Hər bir müraciət araşdırılır. Bu araşdırma nəticəsində əmlakı, yaşayış sahəsi olan 800-ə yaxın şəxs müəyyən edilib. Hətta bəzən heyvanı başqası ilə dəyişdirib bizə verdiyimiz heyvanın xəstə olduğunu deyirlər. 30 min heyvandan 119-u dəyişdirilib”.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR