"7 gündə 7 şorba": Ermənistan ordusu acdır

Bir neçə gün öncə erməni mətbuatında 2019-cu ildən Ermənistan ordusunun hərbi qulluqçularının ərzaq payında dəyişikliklər edildiyi və bu ildən onlara qısa müddətdə hazırlana biləcək 7 növ şorba, sarımsaq, dovğa veriləcəyi ilə bağlı məlumat yayıldı. Ermənistan Müdafiə Nazirliyi bunu ictimaiyyətə bir yenilik kimi təqdim etməyə cəhd etdi, sanki indiyə qədər əsgərlərə heç vaxt şorba verilməyib. Burada real dəyişiklik şorbaların adının fərqli olmasından ibarətdir. Təbii ki, ön xətdə yerləşən bölmələrə verilən ərzaqlar qısa müddətdə hazırlanmaq və qızdırılmaq xüsusiyyətinə malik olmalıdır.

Şorbalardan altısı taxıl məhsullarından, biri isə quru meyvələrdən hazırlanacaq. Həftənin 7 günü olduğuna görə şorba sayı da 7 olacaq.

Qış mövsümündə hər bir hərbi qulluqçunun bal, sarımsaq və yağ ilə təmin ediləcəyi də məlum olub. Yazılanlardan belə məlum olub ki, erməni əsgərləri indiyə qədər bu ərzaqlarla təmin edilməyib. May ayından etibarən hərbi qulluqçulara verilən çörəyin 40%-ni yuxa ilə əvəz edəcəklər.

2018-ci ildən erməni əsgərlərin ərzaq payına dovğa da əlavə edilib. Dovğa ancaq ön xətdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara hazır vəziyyətdə verilir. Hərbi hissələrdə isə əsgərlərə 2018-ci ildən etibarən 250 qram qatıq verilir. Həftədə bir dəfə qatıqdan dovğa hazırlanır.

2019-cu ildən etibarən düşmən mövqelərdəki şəxsi heyətini konservləşdirilmiş kartofla da təmin etməyi planlaşdırır. Döyüş növbətçiliyi aparan hərbi qulluqçular qızardılmış və ya püre şəklində kartofdan istifadə edə biləcəklər.

Ərzaq payının yeni nomenklaturasını jurnalistlərlə görüşündə Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin ərzaq xidməti rəisi polkovnik Ara Markaryan təqdim edib. Belə şouların təşkilində Markaryan böyük təçrübəyə malikdir. 2016-cı ildə eyni ssenari ilə təşkil edilən ekskursiyanın məqsədləri fərqli idi. Bu “Ərzaq şou” adlı tədbirlərin əsas məqsədlərinə isə sonda toxunacağam.


Markaryan ərzaq məhsullarının hərbi hissələrə göndərildiyi mərkəzi ərzaq bazasında ərzaq məhsullarının saxlanma şəraitinin yaxşılaşdırıldığını və soyuducu anbar təsərrüfatının yeniləndiyini bildirib. Ən son yenilik isə “əsgər payıdır, satışı qadağandır” yazısının yalnız əsgərlər üçün nəzərdə tutulan konservlərə deyil, həmçinin onların qutularına da vurulacağından ibarətdir.

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusu bölmələrinin ərzaq təminatında mövcud problem və çatışmazlıqların, hətta zabitlərin də etirazına səbəb olması ilə bağlı məlumatları hər birimiz yaxşı xatırlayırıq.

Ermənistan KİV-ləri bu etirazlara əsgərlərin yeməkdən tez-tez zəhərlənməsinin, ərzağın keyfiyyətinin aşağı olmasının və digər təminat növlərinin çatdırılmasındakı problemlərin səbəb olduğunu bildirirlər. Eyni zamanda, məlumatlarda qeyd olunurdu ki, kütləvi zəhərlənmə halları və hərbi əmlakın keyfiyyətsizliyi səbəbindən hadisələr baş verərkən bütün məsuliyyətin aşağı vəzifəli zabitlərin üzərinə atılması və onların məsuliyyətə cəlb edilməsi də hərbçilər arasında böyük narazılıqla qarşılanır.

Sosial şəbəkədə yayılan bir paylaşımda bildirilirdi ki, işğal olunan Madagiz yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissəsində ərzaq xidmətinin rəisi vəzifəsində xidmət edən Samvel Beqleryan ziyafət məclisində yaxın qohumlarına ərzaq çatışmazlığından gileylənərək tədarük olunan ərzağın köhnə, xarab, çürük və əksər hallarda istifadə müddəti bitmiş olduğunu deyib.

Müdafiə naziri-Ərzaq xidməti rəisi-deputat general üçlüyünün maraqları

Ermənistan ordusunun ərzaqla bağlı başqa bir qalmaqallı faktı isə 2018-ci ilin sentyabrında erməni general-leytenantı Manvel Qriqoryanın iki ədəd şəxsi avtomobilində ”Əsgər payı” yazısı olan 2980 ədəd ət konservlərinin aşkar edilməsi ilə bağlı oldu. Generalın deputat toxunulmazlığı aradan qaldırıldı, həbs edildi, lakin hələ də ona cəza verilməyib, saxlanıldığı müddətin çoxunu isə xəstəxanalarda keçirir. Bütün bunlar rejimin oğrulara qarşı fəaliyyətində müəyyən suallar yaradır.


Araşdırma nəticəsində məlum olub ki, deputat və ehtiyatda olan general "Yerkrapah" təşkilatına rəhbərlik etdiyi dövrdə bu təşkilatın qeyri-qanuni olaraq Ermənistan Müdafiə Nazirliyində təminat növlərinə daxil edilməsinə nail ola bilib. Ermənistan Müdafiə Nazirliyi də "Yerkrapah" təşkilatına davamlı olaraq maddi yardım ayırıb. Ermənistan Silahlı Qüvvələrinə aid olmayan bir təşkilatı özünün təminatına daxil etmək Müdafiə Nazirliyinin nəyinə lazım idi? İlk ağıla gələn isə nazir ilə generalın işbirliyi olur. Deputat-general, nazirin maraqlarını parlamentdə təmsil edir və ya qoruyur, nazir isə "Yerkrapah" təşkilatını təminata daxil edir.

General Qriqoryan həbs edildikdə isə onun şəxsi anbarlarında və qarajlarında külli miqdarda əsgər rasionuna daxil olan ərzaq məhsulları, əsgərlərə ünvanlanan məktublar, hərbi geyim əşyaları, silah və sursatlar, büyük miqdarda müxtəlif valyutalar, çox sayda hərbi texnikalar, rabitə cihazları, nəqliyyat vasitələri, o cümlədən retro maşınlar, skuterlər və s. aşkar edildi. “Roll Roys”, “Toyota Land Cruzer”, “Mercedes”, “Hummer”, “Range Rover” kimi avtomobillərin də daxil olduğu generalın 33 maşınlıq kolleksiyası hamını təəccübləndirdi.

Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin ərzaq xidmətinin rəisi polkovnik Ara Marqaryanın sözlərinə görə, generalın Milli Təhlükəsizlik Xidməti tərəfindən həbsindən sonra "Yerkrapah"a ərzaq və digər maddi yardımların ayrılması dayandırılıb. Bəzi KİV-lər bu ərzaq ayrılmalarının kütləvi həcmdə olduğunu bildirirlər.

Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyinin bütün ərzaq təminatının tam dövriyyəsinə - keyfiyyətinə, alınmasına, saxlanılmasına, paylanmasına, hazırlanmasına və s. cavabdeh olan ən yüksək vəzifəli şəxs olan ərzaq xidmətinin rəisi polkovnik Ara Marqaryan həm general-leytenant Manvel Qriqoryana nə qədər ərzaq verdiyini xatırlamır, həm də bu ərzaqların Qriqoryanın evində necə peyda olmasından təəccübləndiyini gizlətmir. 3 il ərzində "Yerkrapah" təşkilatına davamlı olaraq ərzaq verilməsinə icazə verən ən yüksək vəzifəli şəxs kimi polkovnik Ara Marqaryanın açıqlamaları ətrafdakılarda gülüş doğurub.

Burada çox sual yaranır, lakin ikisini mütləq səsləndirmək istəyirəm. Birincisi, öz əli ilə verdiyi ərzağın təyinatı üzrə istənilən yerdə istifadəsinə nəzarət etmək polkovnik Ara Marqaryanın vəzifə borcu idi. Bunu 3 il ərzində niyə bir dəfə də olsun etməyib? İkincisi, "Yerkrapah" Ermənistan Silahlı Qüvvələrinin tərkibinə daxil olmadığı üçün ona ərzaq və digər maddi yardımların ayrılması qanuna zidd idi. Niyə bu barədə hüquq mühafizə orqanlarına və yüksək instansiyalara yazılı məlumat verməyib? Qısası, bu maxinasiyada ərzaq xidmətinin rəisi polkovnik Ara Marqaryanın da nisbətən kiçik də olsa, maraqları olub.

Qriqoryana məxsus anbarlarda yığılan oğurluq konservlər həm satmaq üçün, həm də generalın ayılarının qidalanması üçün istifadə edilirdi. Ərzaqların daşınması və satılmasında "Yerkrapah" təşkilatının üzvləri və oğru generalın həyat yoldaşı Nazik Əmiryan da iştirak edib. Əgər general həbs edilməsəydi, bu maxinasiya bu gün də davam etməli idi. Əsgərin yeməyini oğurlayacaq qədər şərəfsiz generalı hər toplum yetişdirə bilməz, buna da bir “anti-istedadlı” etnos tələb olunur.

Son zamanlarda Sünikdə yerləşən hərbi birləşmələrdən birində ərzağın erməni əsgərlərə fasilələrlə verildiyi barədə şikayətlər yayıldı. Valideynlər əsgərlərin ac qalmaması üçün evlərindən hərbi hissəyə ərzaq daşıyırdılar. Ermənistan Silahlı Qüvvələrində ərzaq təminatı ilə bağlı problemlər davamlı olaraq mətbuatda işıqlandırılır. Bir neçə dəfə əsgərlərə müddəti başa çatmış ərzaqların və keyfiyyətsiz geyim formalarının verilməsi hallarına rast gəlinib. Ordunun camaşır yuma problemi hələ də həll edilməyib. Ordu üçün 450 ədəd paltaryuyan maşının alınması planlaşdırılsa da, hələlik bu həyata keçirilməyib.


Belə faktları çox sadalamaq olar. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının arxa cəbhə idarəsinin ərzaq xidmətinin rəisi polkovnik Ara Marqaryanın “7 gündə 7 şorba” konsepsiyasının tətbiq edilməsi eyforiyasına qatılaraq, bəzi təminat vasitələri ilə ordunun təchizatı məsələlərinə bilərəkdən diqqət yetirilməyib. Bunlardan bir neçəsi sırf Marqaryanın cavabdeh olduğu ərzaq xidmətinə aiddir.

Baş nazir Nikol Paşinyan əsgərlərə ərzaq, geyim və digər malların göndərilməsini qadağan etdikdən sonra, keçən ilin avqustun 1-dən müqavilə ilə xidmət edən şəxsi heyətin ərzaq təminatı dayandırıldı. Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi müqaviləli hərbi qulluqçuların qidalanmasını kəsərək bir qədər ərzağa qənaət etməyi qərara aldı. "Sputnik Armenia" saytının verdiyi məlumata görə, müqavilə ilə xidmət edən erməni hərbi qulluqçuları hərbi hissənin hesabına qida qəbul edə bilmədiklərinə görə yeməyi özləri ilə gətirirlər. Maraqlısı odur ki, Paşinyan əsgərlərə ərzaq, geyim, çəkmə və başqa malların göndərilməsini qadağan etdiyi bir zamanda, ordu rəhbərliyi müqaviləli hərbi qulluqçuların ərzaq təminatını dayandırmaq qərarını qəbul etdi.

Hərbi hissədə xidmət edən mənbə redaksiyaya məlumat verib ki, komandanlıq bu barədə göstərişi "yuxarıdan" alıb. Əslində onları öz hesablarına qidalanmaqla cəzalandırıblar. Müqavilə ilə xidmət edənlər ayda 110 min dram (205 dollar) aylıq məvacib alırlar. İndi isə tək nahar üçün ayda ən azı 30- 40 min dram (60- 80 dollar) sərf etməli olacaqlar, xidmətə gedib-qayıtmaq üçün yol xərclərini çıxdıqdan sonra yerdə qalan 50 min dramla (100 dollar) həm ailənin saxlanılması, həm də kommunal xərclərin ödənilməsi mümkünsüz olub. Onlar ərzaq təminatının kəsilməsinə görə, hər ay əmək haqqına əlavə olaraq 10 min dram (20 dollar) pul alırlar.

Lakin hərbçilər həm aylıq 20 dolların normal qidalanma üçün kifayət etmədiyini, həm də bu əlavə ödənişi almadıqlarını bildirirlər. Hesablamağa və rəqəmlərin dili ilə əsaslandırmağa çalışaq. Ermənistan Müdafiə Nazirliyi bu gün ət və noxud püreli konservi 1396 drama, ət və buğda püreli konservi 1386 drama, toyuq əti və düyü püreli konservi 1396 drama, donuz əti ilə darı püreli konservi isə 1386 drama alır. Hərbçinin ərzaq təminatı isə bundan azı üç dəfə daha zəngin tərkibə malik olmalıdır. Tutaq ki, erməni MAXE-si hər gün fədakarlıq göstərərək bu konservdən 3 ədəd qəbul edərək yaşamağa çalışacaq. Yağ, balıq, təzə ət, makaron, yumurta, meyvə, tərəvəz, pendir, cem, çay, qənd, qatı süd, tərəvəz, göyərti və s. qəbul etməsə belə bir hərbi qulluqçuya acından ölməmək üçün 4168 dram (8.3 dollar), ayda isə 125000 dram (250 dollar) xərclənməlidir ki, bu da onun ərzaq kompensasiyası kimi aldığı 10000 dram (20 dollar) ilə müqayisə edilə bilməz, hətta toplam məvacibindən də azdır. Yəni erməni hərbçilərinin etirazları səbəbsiz yerə deyil. Bu gün Ermənistan ordusunda xidmət edən müqaviləli hərbçi aldığı aylıq məvacibin və ərzaq əvəzinə ödənilən kompensasiyanın cəminə yalnız 78 ədəd ət və qarnirli konserv ala bilər.

Bu problemə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan belə cavab verib: “Müqaviləli hərbi qulluqçuların hərbi hissələrin hesabına qidalanması daxili qərar idi, lakin indi bu tətbiq ləğv edilib. Onlar ərzaq təminatının kəsilməsinə görə hər ay əmək haqqına əlavə olaraq 10 min dram (20 dollar) pul alırlar”.

Hazırda bir şəxs tapılmır ki, həmin o 20 dolları yanaqlarından qan daman Ermənistan Müdafiə Nazirliyinin Arxa cəbhə İdarəsinin ərzaq təminatı şöbəsinin rəisi polkovnik Ara Marqaryana və Müdafiə Nazirliyinin ətli-qanlı mətbuat katibi Artsrun Hovhannisyana verib, onlardan da bir ay ərzində bu məbləğlə qidalanmağı digərlərinə nümayiş etdirmələrini tələb etsin.

Əslində Ermənistan Müdafiə Nazirliyi çıxılmaz vəziyyətdədir. Ərzaq kompensasiyasının artırılması, bütün ehtiyatda olan və ön xətt istisna olmaqla digər hərbi qulluqçuların hamısına şamil edilməlidir. Bu isə ərzaq kompensasiyasının ödənilməsi üçün ayrılan xərclərin heç olmasa 12.5 dəfə artırılmasını tələb edə bilər ki, bu yükü də düşmən ordusunun büdcəsi daşıya bilməz. Digər tərəfdən isə məvacibin ərzaq kompensasiyasından az olması Ermənistan ordusunu gülüş hədəfinə çevirə bilər. Buna görə də ziddiyətli vəziyyətin yaxın illərdə həllini tapacağı real deyil.

Bu ayın ilk həftəsində erməni KİV-lərində işğal altında olan Qarabağda qulluq edən düşmən ordusunun zabit və müddətli xidmət hərbi qulluqçularının öz məişət şəraitindən, ərzaq və verilən kompensasiyanın məbləğindən narazı olduqları barədə yenidən məlumatlar yayıldı.

Onlar inqilabdan sonra vəziyyətin dəyişəcəyinə ümid etsələr də, vəziyyətin dəyişmədiyini, yenə də evdən xidmət yerinə özləri ilə alt paltarları apardıqlarını, ərzaq normasının isə dəyişmədiyini bildiriblər.


Hərbçilər isə bildirir ki, verilən yeməklərdən mədə ağrıları yaranır və konservləşdirilən ər məhsullarının bəzi növlərindən daim mədə yanması baş verir. Erməni zabitlərindən biri bildirib ki, hakimiyyət tərəfindən bütün deyilənlər və göstərilənlər artistlikdir. Əsas narazılıq yaradan məqamlardan biri isə rus ordusunun ərzaq rasionuna daxil olan donuz piyinin faydalı qida kimi erməni hərbçilərə verilməsi ilə bağlı qərardan ibarət olub.

Markaryanın əsas məqsədi

Məqalənin əvvəlində Markaryanın “Ərzaq şou” təşkilində böyük təçrübəyə malik olduğunu və bu tədbirlərin məqsədlərinə sonda toxunacağımı qeyd etmişdim. 2016-cı ilin may ayının 5-də "Sputnik Armenia" redaksiyasının müxbiri əsgər olduğu zaman xidmət etdiyi hərbi hissəni ziyarət edərək, zamanında sadə bir əsgər kimi yemək yediyi yeməkxanadan reportaj hazırlamışdı. Müxbiri müşayiət edən Ermənistan Müdafiə Nazirliyinin Arxa cəbhə İdarəsinin ərzaq təminatı şöbəsinin rəisi polkovnik Ara Marqaryan bu günə qədər də eyni vəzifəni icra edir. Polkovnik Ermənistan Müdafiə Nazirliyinın əsgərlərə verdiyi bütün ərzaqların təzə, yüksək kalorili və çox dadlı olduğunu iddia edir, müxbirə inandırmaq üçün ona müxtəlif obyektləri ziyarət etməyi təklif edirdi.

İştirakçı jurnalistlər ərzaq bazasını, laboratoriyanı və saxlancları ziyarət edərək erməni ordusunun “ən yüksək səviyyədə ərzaqla təmin olunduğunu” öz gözləri ilə gördülər və buna əmin olduqdan sonra geniş fotoreportajlar tirajlamağa başladılar. Bütün bu “Ərzaq şou”lar polkovnik Ara Marqaryanın sifarişi ilə hazırlanırdı, lakin hər dəfə həyata keçirilən şouların əsas məqsədi fərqli olurdu. Sonuncunun məqsədini çatdırmaq üçün 2016-cı ilin mayın ilk günlərində keçirilən “Ərzaq şou”nu yada salmalı oldum. Ermənistan ordusunun 2016-cı ilin aprelindəki məğlubiyyətindən sonra bir neçə hərbi vəzifəlinin “günah keçi”si təyin edilərək vəzifədən yola salınacağı ehtimal olunurdu. Onlardan biri də həmin dönəmdə Ermənistanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan ola bilərdi.

Polkovnik Ara Marqaryan 2016-cı ilin aprelində də bu gün tutduğu ərzaq xidməti rəisi vəzifəsində xidmət edirdi. Kifayət qədər gözüaçıq və mənfəətini güdən bir şəxs olaraq yaxşı anlayırdı ki, aprel məğlubiyyətindən sonra Sarkisyan ictimaiyyətin narazılığını müvəqqəti aradan qaldırmaq məqsədi ilə müdafiə nazirliyinin bir sıra yüksək rütbəli hərbi qulluqçularını vəzifədən azad edəcək. Buna görə də həm özünü sığortalamaq, həm də ordunun ərzaq təminatında guya problem olmadığını gözə soxmaq üçün əvvəllər də sifarişlərini yerini yetirən bir neçə jurnalisti tabeliyində olan ərzaq anbarlarına gətizdirir və tələsik reportajlar hazırlatdırır. Uğurlu bir sıçrayış onu nazir müavini vəzifəsinə çatdıra bilərdi. Polkovnik Ara Marqaryanın əsas məqsədi suların bulandığı bir vəziyyətdə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyanı əvəz edərək həm vəzifə, həm də "general" rütbəsi əldə etməkdən ibarət idi.

Həqiqətən də aprelin 26-da Sarkisyanın əmri ilə Müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, silahlandırma idarəsinin rəisi general-mayor Melsik Çilinqaryan, rabitə qoşunları və avtomatik idarəetmə sistemləri idarəsinin rəisi general-mayor Komitas Muradyan, avtomobil xidməti rəisi polkovnik Armen Marqaryan, maddi texniki təminat idarəsinin kimya, mühəndis və kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi, polkovnik Mher Papyan və başqaları tutduqları vəzifələrdən azad edildilər, bəziləri isə az sonra həbs edildi. Əslində Ermənistan Müdafiə Nazirliyinin Arxa cəbhə İdarəsinin ərzaq xidmətinin rəisi polkovnik Ara Marqaryanın proqnozları doğru çıxırdı və proseslər tam onun xeyrinə cərəyan edirdi.

Lakin Azərbaycan əsgərinin azad etdiyi ərazilərdən hazırlanan reportajlar, videogörüntülər erməni əsgərinin məişət şəraitinin, o cümlədən ərzaq təminatının tam bərbad vəziyyətdə olduğunu ortaya çıxardı. Ön xətdə yerləşən erməni əsgərlərinin ön xətdəki döyüş mövqelərindəki primitiv məişət şəraitinin, yəni uçuq, bitli-birəli, qapısız, pəncərəsiz, sobasız, natəmiz şəraitdəki sığınacaqların, hisli-paslı qazanları olan susuz qida bloklarının (bəzi yerlərdə isə yatdıqları yerdə də qida qəbul ediblər), hamamsız və tualetsiz dayaq məntəqələrinin həm şahidi olmuşam, həm də bir-bir onları gəzib hərtərəfli incələmişəm. Erməni KİV-lərinin ordunun təchizatı ilə əlaqədar nümayiş etdirilən “Ərzaq şousu” ilə ön xətdəki əsgərin real təminatı arasında böyük uçurum mövcuddur.

Nəticə etibarı ilə ön xətdə duran işğalçı ordunun şəxsi heyətinin ərzaq və digər təminat problemlərinin ictimailəşməsi ərzaq xidmətinin rəisi polkovnik Ara Marqaryanın general olmaq arzularının reallaşmasına mane oldu.

Ara Marqaryana irəli getməsində mane olan faktorlardan biri də, “Ərzaq şousu”ndan 20 gün sonra, mayın 25-də sosial şəbəkə istifadəçisi Qaqik Qalikyanın öz səhifəsində Ermənistan ordusunun yerli istehsalçıdan aldığı və üzərində ”Əsgər payıdır, satıla bilməz” yazısı olan ət konservlərinin böyük bir partiyasının Polşada satılması barədə status və foto paylaşması oldu. Ermənistanın Baş prokurorunun müavini, hərbi prokuror Artavazd Harutyunyan Polşada Ermənistan Silahlı Qüvvələrə tədarük edilən konservləşdirilmiş yeməklərin satışına dair məlumatların yoxlanılacağına söz versə də, ictimaiyyətə nəticələr barədə məlumat verilmədi. Qalmaqal Hərbi Prokurorluqdan başqa Müdafiə naziri və Polşadakı səfir səviyyəsində nəzarətdə saxlanılırdı.

İndi də yenə 2016-cı ilə bənzər vəziyyət yaranıb. Paşinyan inqilab edən gündən demək olar ki, hər gün ordudakı ərzaq oğurluğundan danışır. General deputat Manvel Qriqoryanın da ərzaq oğurluğu faktı ilə həbsi Müdafiə Nazirliyində oğurluqların davam etdiyini göstərir. Polkovnik Ara Marqaryan bir dəfə “2016-cı il zəlzələsi”ndən yararlanmaq məqsədilə “Ərzaq şousu”na əl atıb, tam uğur qazanmasa da həbsdən canını qurtardı. Marqaryana Manvel Qriqoryanın da arxasınca bir çoxunu aparacağı məlumdur, çünki bu ərzaqların deputata ötürülməsində onun birbaşa iştirakı və hətta maraqları olduğu şübhəsizdir. Hər dəfə “zəlzələ”lərdən salamat qurtaran Ara yenə də növbəti “Ərzaq şou”su təşkil etməklə erməni rəhbərliyinin “beynini yumağa” və “gözünə kül üfürməyə” çalışır. Diqqət etsəniz, bu “Ərzaq şou”larının heç birində ərzaqların hansı şəraitdə, hansı sobalarda və hansı yanacaqla hazırlanması məsələlərinə qətiyyən toxunulmur.


Bunlardan əlavə, ön xətt bölmələrində ərzaqların saxlanılması üçün irihəcmli soyuducuların olmaması, şəxsi heyətə çatdırılan ərzaqların son istifadə müddətindən əvvəl korlanmasına və əsgərlərin zəhərlənməsinə səbəb olması ilə məlumatlar Paşinyana qədər gedib çatıb. Soyuducuların çalışması üçün bütün mövqelərdə elektrik xətlərinin olmaması və generatorların çatışmaması isə başqa bir mövzudur. 27 il əvvəl yaradılan bir ordu hələ də paltaryuyanları alıb başa çatdıra bilmir. Qida bloklarının əksəriyyətində hamamların olmaması da Marqaryanın məsuliyyətsizliyindən xəbər verir, çünki sadalanan çatışmazlıqların aradan qaldırılması məhz onun vəzifə borclarına daxildir.

Bütün bu təzadlara, “gözə kül üfürmələrə” baxmayaraq, Ermənistan Müdafiə Nazirliyinin Arxa cəbhə İdarəsinin ərzaq xidməti rəisi Ara Marqaryan hələlik “sudan quru çıxmağı” bacarır, ən azından general olmaq isəyən polkovnik nəinki müttəhimlər kürsüsündə əyləşməyib, hətta öz vəzifəsini bu günə də qədər icra etməkdə davam edir. Onun həbs olunması üçün digər faktlar da məlumdur.

2013-cü ilin iyul ayından etibarən Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə rəisi olan polkovnik Norayr Yolçyan 2018-ci ilin avqustunda Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə arxa cəbhə idarəsi vəzifəsindən azad edildi. O, əsasən nazirliyin satınalmalar sektorunu idarə edirdi. Polkovnik Norayr Yolçyan və polkovnik Ara Marqaryanın adları dəfələrlə korrupsiya komponenti olaraq qalmaqallı satınalmalar hadisələrində hallanıb. Mətbuatda yazılanlara görə, Ermənistan Müdafiə Nazirliyində dövlət satınalmaları ilə bağlı "qaranlıq" əməliyyatlarının əhəmiyyətli bir hissəsinə əsasən bu iki polkovnik nəzarət edib. Müdafiə Nazirliyi üçün kartofun bazar dəyərindən 30% baha alınmasında Ara Marqaryanın adı daim xatırladılır. Bəziləri isə onun özünə aid fermer təsərrüfatları yaradaq, ətraf ərazilərdən ərzağı ucuz qiymətə aldığı məhsulları, tenderi qazanan şirkət kimi baha qiymətə nazirliyə satdığını bildirir. Fermerlərə qoyulan şərtlər, təqdim edilməli olan sənədlər toplusu və s. bürokratik əngəllər sıravi vətəndaşların bu tenderlərdə iştirakına imkan vermir. Buna görə də onlar öz məhsullarını Marqaryanın sahib olduğu inhisarçı şirkətlərə satmağa məcbur olurlar. Polkovnik Ara Marqaryanın tender komissiyasının üzvü olduğunu ehtimal etmək olar.

Hazırda polkovnik Norayr Yolçyan vəzifədən getsə də, polkovnik Ara Marqaryan hələ də fəaliyyətinə davam edir. İrəvanın mərkəzindəki Şimal prospektində təxminən 3 milyon dollardan baha olan 750 kvadratmetrlik mənzili satın alması Yolçyanın sonunu gətirdi. Lakin Ermənistan ordusunun arxa cəbhə idarəsinin ərzaq xidmətinin rəisi polkovnik Ara Marqaryanın daim "sudan quru" çıxmasını, onun artıq Paşinyan administrasiyasına çıxış əldə etməsi ilə əlaqələndirirlər.

Keçən ilin sonunda Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrdən birində yoxlama zamanı on min ədəd standartlara və normalara cavab verməyən, keyfiyyətsiz alt paltarlarının aşkarlanması arxa cəbhə təminatında bir neçə vəzifəli şəxslərinin əlbir olmasını sübut etdi.

Həm Ermənistan Müdafiə naziri David Tonoyan, həm də Baş nazir Nikol Paşinyan dəfələrlə bəyan ediblər ki, Silahlı Qüvvələr ən yüksək keyfiyyətli ərzaqlar, geyim və ayaqqabılar ilə təmin olunmalıdır. Lakin göründüyü kimi bütün bunlar hələlik sadəcə bəyanatdır. Keçən ilin yayından etibarən çəkisi 43 kq və enurez xəstəliyi olan 100 nəfərdən çox çağırışçının erməni ordusuna cəlb edilməsi ümumilikdə Ermənistandakı ordu və onun təminatı ilə bağlı problemlərin getdikcə dərinləşdiyini göstərir.

Hərbi ekspert Ədalət Verdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR