​"2018-ci ildə 9672 hüquqpozma faktı qeydə alınıb" - Güloğlan Muradlı / FOTOLAR

"2018-ci il gömrük orqanlarının araşdırması nəticəsində 9672 hüquqpozma faktı qeydə alınıb".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirilən Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti ilə bağlı məlumat verən Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin birinci müavini Güloğlan Muradlı bildirib.

Onun sözlərinə görə, bunlardan 747-i cinayət faktlardır. İnzibati xəta üzrə isə 8925 (881 min manat cərimə, 242 min manatlıq müsadirə) fakt qeydə alınıb.

G.Muradlı deyir ki, ən böyük təhlükə narkotik qaçaqmalçılığı ilə bağlı olur - 35% halda. Ötən il narkotik qaçaqmalçılığı faktlarının sayı 264 olub, ümumilikdə ötən il 1 ton 193 kq (1 ton 37 kq heroin) narkotik aşkarlanıb.

İdarə rəisinin birinci müavini deyir ki, narkotik qaçaqmalçılığı ilə bağlı ölkəmizdə də həyəcan təbili çalınmalıdır: "Bu, ölkəmiz üçün böyük təhlükə yaradır. Ölkəmizdən narkotik vasitələrinin tranziti kimi istifadə etmək istəyirlər. Bununla bağlı ən böyük təhlükə Əfqanıstanla bağlıdır. 2018-ci ildə Əfqanıstanda 263.000 hektarda tiryək istehsal olunub. Ümumi tiryək istehsalı isə 6400 ton olub. Yaxın gələcəkdə Əfqanıstanda vəziyyətin yaxşılaşacağı ilə bağlı proqnoz verilmir. Bu ölkədə əhalinin artıq 10%-i narkotik istifadəçisidir".

G.Muradlı deyir ki, 100 qr heroin bəs edir ki, 170 adam ömürlük narkotikdən asılı vəziyyətə düşsün. Tutulan narkotiklərdən növ tərkibinə görə ilk yeri heroin tutur. 3 ildə 2 ton 351 kq heroin tutulub. Növbəti yerləri isə tiryək, marixuana, həşiş və digərləri tutur.

G.Muradlı deyir ki, ötən il 24 narkoqrup cinayət dəstə tutulub, son 5 ildə isə belə qrupların sayı 131 olub. Tutulan qruplar içərisində bəzən 4-5 ölkənin vətəndaşı olur. Baş idarə rəisinin birinci müavini deyir ki, narkotik satışı zaman kuryerlərin 14%-i qadınlar olub. Ötən il 87 halda daxili bədən boşluqlarında narkotik aşkarlanıb".

G.Muradlı deyir ki, ötən il rəsmi rəqəmlərə görə, 31 mindən çox narkoxəstə qeydiyyata alınıb: "Ancaq bütün dünyada narkoxəstələrin sayı qeyri-rəsmi rəqəmlərdə daha çox olur. Ötən il ölkədə 7408 QİÇS/İİV xəstəsi qeydə alınıb ki, onların da bir çoxu, təxminən 45-46 faizi bu xəstəliyə narkotik qəbulu zamanı tutulub. Fəsadlardan biri də odur ki, hər il yüzlərlə adam narkotiklərin aşırı dozası nəticəsində həyatını itirir".

Günay Elşadqızı / METBUAT.AZ / Şəki


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR