DGK və ABŞ nümayəndə heyətləri arasında

Dövlət Gömrük Komitəsi (DGK) və ABŞ-ın Ədliyyə Departamenti Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndə heyətləri arasında görüş keçirilib.

DGK-dən Metbuat.az-a verilən məlumata görə, görüş bu gün Bakı şəhərində başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib.

Qonaqları səmimiyyətlə salamlayan DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan və ABŞ arasında uzun illərə söykənən mövcud strateji əməkdaşlığa toxunub, bu əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanın aidiyyəti qurumlarının Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransın işində daim fəal iştirak etdiklərini vurğulayan Komitə sədri, 36-cı Konfransın ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində ciddi islahatlar aparıldığını diqqətə çatdıran S.Mehdiyev, bu islahatların korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması ilə yanaşı, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında da ciddi dönüş yaratdığını vurğulayıb.

İstər fiskal siyasətin həyata keçirilməsi, istər narkotik vasitələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində Azərbaycan gömrük orqanlarının mühüm nailiyyətlər əldə etdiyini bildirən Komitə sədri beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin gömrük hüquqpozmalarına qarşı mübarizədə mühüm rol oynayacağına əminliyini ifadə edib.

ABŞ Narkotiklərlə Mübarizə Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon konfransın yüksək səviyyədə təşkil edilməsində göstərilən dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürünün ifadə edib. Ölkələrimiz arasındakı əlaqələrdən, eyni zamanda, DGK ilə əməkdaşlıqdan məmnunluqla bəhs edən Uttam Dillon Bakı konfransının beynəlxalq əməkdaşlığın gücləndirilməsində və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR