“Yaponiya ilə əlaqələrimizdə yeni mərhələyə ehtiyac var” – Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir neçə gün öncə Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.

Metbuat.az-ın məlumatına görə, Tomohiko Taniguçi bildirib ki, Yaponiya Azərbaycanın İslam aləmində sabitlik, təhlükəsizlik və qarşılıqlı anlaşmada roluna xüsusi əhəmiyyət verir. Sonra Tomohiko Taniguçi Yaponiya hökuməti tərəfindən Azərbaycana təcrübəli səfirin göndərilməsini əlaqələrimizin inkişafına verilən önəm kimi dəyərləndirib.

Prezident İlham Əliyev isə Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunaraq Yaponiya hökumətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan başlayaraq və bu gün də davam edən dəstəyini yüksək qiymətləndirib Prezident İlham Əliyev, həmçinin Yaponiya bank sektorunun ölkəmizdə infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini qeyd edib və bildirib ki, bu gün ölkələrimiz arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinə söykənən çox yüksək səviyyədə ikitərəfli münasibətlər mövcuddur.

Dövlət başçısı Yaponiyanın Azərbaycanda təyin olunmuş səfirinin Azərbaycanın dostu olduğunu və Yaponiya hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin reallaşmasında fəal rol oynadığını bildirib. Görüşdə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşavirinin Azərbaycana səfəri ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadənin sözlərinə görə, ölkəmizin diplomatik əlaqəsi olduğu bütün ölkələrlə mehriban, beynəlxalq hüquq normalarına uyğun olan yaxşı münasibətləri var: “İqtisadi cəhətdən qüdrətli ölkələrdən biri və qədim dövlətçilik tarixinə malik olan Yaponiya ilə münasibətlərimiz isə əlbəttə ki, xüsusi diqqətdədir. Əlaqələrimiz beynəlxalq aləmdə birgə fəaliyyət, təhlükəsizliyin qorunması üçün atılacaq addımlarla bağlı məsləhətləşmələr, eyni zamanda iqtisadi-ticarət əlaqələrində var.

Yapon şirkətləri bütün dünyada olduğu kimi, Azərbaycanda da investisiya qoyuluşunda, Azərbaycan bazarına daxil olmaqda maraqlıdılar. Uzun müddət Azərbaycan yapon mallarının böyük maraq doğurduğu ölkə kimi tanınıb. Ancaq indi əlaqələrimizdə yeni mərhələyə ehtiyac var. Bu, birgə müəssisələrin yaradılmasıdır, birgə bankların fəaliyyət göstərməsidir, birgə xarici ölkələrdə fəaliyyət göstərməkdir. Eyni zamanda Azərbaycan artıq müstəqilliyini qazandığı ilk dövrlərdə deyil. Ölkəmizin artıq çox iri özəl şirkətləri var və bunların investisiyası dünyanın hər yerində, o cümlədən Yaponiyada da arzuolunandır. Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin Azərbaycana gəlişi ilə bağlı detallar məlum olmasa da, iki ölkə arasında qarşılıqlı maraq doğuran iqtisadi təşəbbüslərin müzakirə olunduğunu göstərir. Əlbəttə ki, bu, həm Azərbaycan, həm də Yaponiya üçün çox sərfəli olardı, eyni zamanda, dünya artıq Azərbaycan deyilən yeni bir iqtisadi güc mərkəzinin yarandığının da şahidi olar”.

Günay Elşadqızı / METBUAT.AZ

“Onlara baxanda mehriban düşmənlər kəlməsi yadıma düşür” – Partiya rəhbərlərindən açıqlama

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI