“Regionda müstəqil geosiyasi aktor olmaq üçün ən düzgün seçim budur” – Ceyhun Əhmədli

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı Amerika Birləmiş Ştatlarının ürəyincə deyildi.

Məlum olduğu kimi, ABŞ PKK-nın Suriya qolu olan YPG/PYD-ni dəstəkləyir. Türkiyə də məhz YPG/PYD-yə qarşı mübarizə aparır. Səbəb isə ölkəsinə qarşı olan təhlükədir. Qardaş ölkəğnin hərbçiləri Türkiyə bayrağını Afrinin mərkəzinə sancdıqdan bir müddət sonra president Rəcəb Tayyib Ərdoğan YPG/PYD-nin nəzarətində olan torpaqları terrorçulardan təmizləyənə qədər əməliyyatların davam edəcəyini açıqlamışdı. Eyni zamanda, Ankarada Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya məsələsi ilə bağlı növbəti görüşü keçirilmiş, müəyyən razılıqlar əldə olunmuşdu. Bundan bir neçə gün sonra isə ABŞ, Fransa və Böyük Britaniyanın hərbi təyyarələri Suriyanın paytaxtı Dəməşq şəhərini bombardman ediblər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Ceyhun Əhmədli deyir ki, əvvəlcə qeyd etmək lazımdır ki, bu gün Suriyada mandat əldə etmək uğrunda böyük güclər arasında hibrid müharibə gedir: “Müharibənin əsas iştirakçıları Rusiya və ABŞ olsa da, regional geosiyasi aktorlar hesab olunan Türkiyə və İranın son dövrlər aktivləşməsi ilə Suriyadakı proseslər tamamilə fərqli bir şəkil alıb. ABŞ-ın əsas məqsədi Bəşər Əsəd rejiminin devrilməsidir. Ağ Ev bununla Rusiyanın regiondakı mövqelərinin zəifləyəcəyinə ümid edir. Təbii olaraq, Rusiya buna bütün gücü ilə qarşı çıxır və münaqişənin Bəşər Əsədin rəhbərliyi ilə Suriyanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışır.

İran da Rusiyaya bu məsələdə dəstək nümayiş etdirir. Çünki Suriya İranın uzun illərdir qurmağa çalışdığı “şiə kəməri”nin vacib həlqəsini təşkil edir. İran, İraq, Suriya və Livandan ibarət olan bu kəmərdən Suriyanın qopması İran üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Türkiyəni isə maraqlandıran əsas məqam cənub sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün isə Türkiyə Silahlı Qüvvələri son aylar iki uğurlu hərbi əməliyyat həyata keçirib. Lakin Türkiyə həm də Bəşər Əsədə qarşı sərt tutumu ilə seçilir. Rəsmi Ankara Suriyada sünni liderin hakimiyyətdə olmasının arzulayır. Türkiyə son vaxtlar münaqişənin nizamlanmasında İran və Rusiya ilə ortaq mövqedən çıxış etsələr də, rəsmi Ankara Bəşər Əsədə qarşı olan sərt tutumundan bir addım da olsun geri çəkilməyib. Elə bunun nəticəsidir ki, ABŞ, Böyük Britaniya və Fransa hərbi hava qüvvələrinin bir neçə gün əvvəl Suriyada apardığı əməliyyatlar Türkiyə rəhbərliyi tərəfindən olduqca müsbət qarşılanmışdı.

Hadisələrin bundan sonra necə inkişaf edəcəyi məsələsinə toxunan politoloq qeyd edib ki, fikrimcə, bu, ABŞ-ın atacağı addımlardan asılı olacaq: “ABŞ-ın hələ də Türkiyə kimi tarixi müttəfiqini yanına çəkmək imkanı var. Aydındır ki, Suriyada ABŞ və Rusiya birbaşa qarşılıqlı hərbi əməliyyatlara girməyəcəklər. Çünki iki nüvə dövlətinin açıq müharibəyə başlaması üçüncü dünya müharibəsinə çevrilə bilər. Bu baxımdan, hesab edirəm ki, hər iki tərəf regiondakı dayaqlarının vasitəsilə proseslərə yön verməyə çalışacaq. Əgər ABŞ Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını görməzdən gələrək yenə də YPG/PYD birləşmələri ilə birlikdə hərəkət edəcəksə, itirən tərəf olacaq.

Yox əgər öz müttəfiqi qismində NATO üzvü olan Türkiyəni görsə, o zaman ABŞ Suriya üzərində geniş səlahiyyətlər əldə edə biləcək. Yəqin ki, Türkiyə Mənbiç və Fərat çayının qərb sahillərində yarımçıq qalan əməliyyatlarını davam etdirəcək. Mənbiç ərazisi isə ABŞ üçün böyük önəmə sahibdir. Bu baxımdan, Türkiyənin burada keçirəcəyi əməliyyatların ABŞ-da hansı reaksiyalar doğuracağı hələlik sual altındadır. İndiki şəraitdə Türkiyə Qərblə Rusiya arasında tarazlaşdırma siyasətinə üstünlük verir. Məncə, regionda müstəqil geosiyasi aktor olmaq üçün ən düzgün seçim də məhz budur”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, dəqiqləşdirilməsi çətin və araşdırılması mümkün olmayan məsələdir” – Arzu Nağıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI