Play Store

“Vaşinqtonla Pxenyan arasında buzlar ərisə də, daimi mehribanlıqdan danışmaq tezdir” – Ceyhun Əhmədli

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp iyunun 12-də Şimali Koreyalideri Kim Çen Inla görüşəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə ABŞ lideri bir neçə gün öncə Tvitter səhifəsində yazaraq bildirib ki, Kim Çen Inla xeyli zamandır gözlənilən görüşümüz 12 iyunda Sinqapurda keçiriləcək. İkimiz də bu görüşün dünya sülhü üçün çox xüsusi bir an olmasına səy göstərəcəyik.

Daha əvvəl Kim ilə keçirəcəyi görüş üçün ən uyğun yerin iki ölkə sərhəd məntəqəsində yerləşən Hərbçilərdən Təmizlənmiş Bölgə (DMZ) olduğunu dilə gətirən Tramp, Ağ Evdə verdiyi açıqlamada isə görüş yerini üç gün ərzində elan edəcəyini və buranın həmin bölgə olmadığını bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, məlum olduğu kimi, 1953-cü ildə Koreyada müharibənin başa çatmasından bu yana Şimalla Cənub arasında sülh sazişi imzalanmayıb: “Ümid edilir ki, 12 iyun tarixində Sinqapurda keçiriləcək görüşün nəticəsində 65 ildən sonra yarımadada yenidən sülh bərqərar olacaq. Qeyd etmək istərdim ki, ən son 2012-ci ildə ABŞ və Şimali Koreya nümayəndə heyətləri nüvə proqramının müzakirəsi üçün görüş keçirmişdilər. Qarşıdan gələn görüşün nəticəsinin necə olacağını proqnozlaşdırmaq üçün gərək ilk növbədə tərəflərin çatmaq istədiyi məqsədləri aydınlaşdıraq.

ABŞ Koreya yarımadasının nüvə silahından tamamilə təmizlənməsini özü üçün prioritet hesab edir. Çünki Koreyada tərəflərin (Şimali və Cənubi Koreya) silahı yerə qoyması və regionda sülhün, sabitliyin bərqərar olması üçün Şimali Koreyanın nüvə silahından imtina etməsi olduqca vacib şərtdir. Bu yaxınlarda Donald Tramp CBS televiziyasına verdiyi müsahibədə Şimali Koreyanın nüvə proqamına son verməyəcəyi təqdirdə bu ölkəyə qarşı hərbi müdaxilə ehtimalını yenidən gündəmə gətirmişdi. Göründüyü kimi, Vaşinqtonla Pxenyanarasında buzların əriməsinə baxmayaraq, iki ölkə arasında daimi mehribanlıqdan danışmaq hələ tezdir.

Çox güman, iyunun 12-də görüş çərçivəsində Tramp Kim Çen Indan nüvə silahından tamamilə imtina etməyi tələb edəcək. Pxenyanın isə bu tələbi yerinə yetirəcəyini düşünmək çox sadəlövhlük olardı, məncə. Qərb mətbuatında görüşdən böyük gözləntilərin olacağı tez-tez vurğulansa da, mən bu qədər optimist düşünə bilmirəm. Çünki güclü hərbi potensiala sahib olmaq bütün despot rejimlərdə olduğu kimi, Kim Çen In diktaturasında da əsas hədəflərin başında gəlir. Bu baxımdan hesab edirəm ki, 12 iyunda keçiriləcək görüşün nəticəsi kimi ən yaxşı halda Şimali Koreyaya tətbiq olunan sanksiyaların götürülməsi müqabilində yarımadada müvəqqəti sülhün təmin olunacağı proqnozunu vermək olar”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR