Play Store

Qəbul olmayan bəzi abituriyentlər niyə intihar edir? - Ekspertlər

Hər il qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra abituriyentlərin intihar xəbərlərini eşidirik. Son olaraq mayın 13-də Dövlət İmtahan Mərkəzi II və III qrup üzrə qəbul imtahanı keçirib. İmtahanın nəticələri çıxdıqdan sonra qəbul olunmayan 3 tələbə intihar edib. Təəssüf ki, bu cür hadisələr hər il baş verir.

Bəs, intihara gətirib çıxaran səbəblər nələrdir?

Təhsil eksperti Kamran Əsədov Metbuat.az-a açıqlamasında deyib ki, bu kimi halların baş verməsində məktəb (müəllimlər), valideynlər və ətraf mühit birbaşa rol oynayır.

"Əksər gənclər həyatının uğura gedən yolunu ali təhsil almaqda görürlər. Düşünürlər ki, həyatda uğur əldə etməyin yeganə yolu ali təhsil almaqdadır. Əlbətdə ki, ali təhsil almaq lazımdır. Lakin dünyada və Azərbaycanda uğur əldə edənlər arasında ali təhsil almayan kifayət qədər şəxslər var. Təəsüf ki, orta məktəblərdə psixoloq xidməti yetərincə deyil. Onlar valideyin və şagirdlərlə mütəmadi olaraq işləməli, onları çətin situasiyadan çıxarmaq istiqamətində formalaşdırmalıdırlar. Danılmaz faktdır ki, bu gün ali məktəblərə sənəd təqdim etmiş hər bir abituriyent ya repititor yanında, ya da hazırlıq kurslarında hazırlaşır. Lakin bir çox hallarda repititor müəllimlər, hazırlıq kursları şagirdin real vəziyyəti ilə bağlı valideynə düzgün məlumat vermirlər. Şagirdlər də iştirak etdikləri sınaq imtahanlarının nəticəsini gizlədir və ya şişirdirlər. Valideyinlər də müəllim və şagirdlərin yalanlarına inanıb övladından yüksək nəticə gözləyir. Sonda qəbul imtahanları gəlir və məlum olur ki, heç də hər şey deyilən və gözlənilən kimi deyil”.

Ekspert vurğulayıb ki,valideyinlər uşaqlarına hazırlıq üçün kifayət qədər vəsaitlər sərf edirlər. Şagirdlər aşağı nəticə əldə edəndə hirs və heyiflərini övladlardan çıxırlar:

“Zəif psixoloji dözümlülüyə malik olanlar bu çətin situasiyadan çıxış yolunu intiharda görür. Hələ bu intihar edənlərdir. İnanın ki, yüzlərlə zəif bal toplayıb valideyinləri tərəfindən fiziki zorakılığa məruz qalan abituriyentlər var”.

Ekspert bu tip xoşagəlməz hadisələrdən yeganə çıxış yolunun ali təhsilin əlçatımlı olmasında görür. O, deyib ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilməli, ali məktəblərin qəbul qapıları geniş açılmalı, amma buraxılış, çıxış qapıları ilə daraldılmalıdır. Bunun üçün ilk növbədə ali məktəblərin keyfiyyətli təhsil verməsini təmin etmək lazımdır. Bundan başqa valideyinlər və şagirdlər bilməlidir ki, bu hələ son deyil. Qarşıdan ikinci imtahan gəlir. Birinc imtahan ilə hər şey bitmir. İkinci imtahanda nəticələrini yaxşılaşdıra bilərlər. Əgər qəbul olmasalar, orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə qəbul ola bilərlər. Təəssüf ki, az bal toplayan şəxslər qohum, qonşu və ətrafın münasibətindən qorxur. Cəmiyyət olaraq diqqətli olmaq lazımdır”.

Ekspert sonda əlavə edib ki, əziz abituriyentlər, həyatın tək problemi qəbul imtahanı deyil. Gələcək həyatınızda qarşılaşacağınız problemlərin yanında qəbul imtahanları adi bir şeydir. Yaşayın, həyat yaşamağa dəyər.

Mövzu ilə bağlı psixiatr Orxan Fərəcli isə deyib ki, bu məsələdə əsas iş valideynlərin üzərinə düşür:

“Bəzi valideynlərin gözləntiləri uşaqlarının potensialı ilə üst-üstə düşmür. Valideyn uşağa dəstək olmaq əvəzinə hədə-qorxu gəlir, minnət qoyur. Stressli abituriyent daha da stress yaşayır, qorxur, özünəinamı azalır, həyatın sonu kimi hiss edir. Bu hallar onun özünə qapanmasına, valideynlərindən uzaqlaşmasına, hətta intihara gətirib çıxarır”.


Orxan Fərəcli bildirib ki, qəbul imtahanları ilə bağlı ölkədə elə ab-hava yaranıb ki, sanki uşağın yaxşı ya pis övlad olması bu imtahanlara bağlıdır. Buna görə abituriyentlərdə elə hiss yaranır ki, imtahandan keçsəm valideynlərimin gözündə yaxşı, keçməsəm pis övlad olacam. Əslində bu yanaşma tərzini dəyişmək lazımdır.

Psixiatr əlavə edib ki, valideynlərin bu məsələyə biznes kimi baxmaqları düzgün deyil. O demək deyil ki pul ayırıblarsa, mütləq yaxşı nəticə olmalıdır. İntihar hadisələri hər il baş verir. Böyük ehtimal təkcə sadaladıqlarımız deyil, altında yatan başqa səbəblər - depressiv əlamətlər, həyəcan pozuntusu imtahan faktoru ilə birləşərək alovlanır və intihara gətirib çıxarır.

Valideynlərə demək istərdim ki, övladlarına daim dəstək olsunlar, onları təkcə uğurları ilə deyil, uğursuzluqları ilə də qəbul etməyi bacarsınlar. Abituriyentlər isə qəbul imtahanlarına həddən artıq məna yükləməsinlər. Qidalanmalarına və yuxu rejiminə diqqət etsinlər, gecə gec saatlara qədər oxumasınlar. Unutmasınlar ki, həyat imtahanlarla doludur, bu son deyil.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR