Play Store

"Xərçəng xəstəliyini bitkilərlə müalicə etmək MÜMKÜN DEYİL" - ONKOLOQLA MÜSAHİBƏ

Metbuat.az-da “Aysellə Sağlam Yaşa” layihəsi çərçivəsində ölkənin savadlı və ixtisaslaşmış həkimlərini studiyamıza qonaq edirik.

Bu dəfə dünyanın qorxulu xəstəliyinə çevrilmiş xərçəng xəstəliyi haqqında danışacağıq. Layihəmizin qonağı həkim-onkoloq-mammoloq Rəna Niftəliyevadır.

- Həkim, öncə bilmək istərdik Xərçəng xəstəliyi necə yaranır?

- Orqanizmdə hüceyrələr bölünüb çoxalır. Bu prosesi nəzarətdə saxlayan genlərimiz var. Əgər genlərdə hər hansı səbəbdən pozulma baş verərsə, bu zaman onların normal bölünüb çoxalması da pozulur. Hüceyrələr daha sürətlə bölünüb çoxalıb bir kütlə əmələ gətirirlər. Biz bu kütləni şiş adlandırırıq. Əgər əmələ gəlmiş kütlədəki hüceyrələr ana hüceyrədən çox fərqlidirsə, qana, limfa toxumasına düşüb yayılaraq kənar orqanlarda şiş kütləsi əmələ gətirmək qabiliyyəti varsa, biz deyirik ki, bu şiş xərçəng şişidir. Hüceyrələr daha az dəyişiklidirsə, şiş hüceyrəsi eyni yerdə toplanıb qalarsa,yalnızca bir kütlə əmələ gətirərsə, buna xoşxassəli şişlər deyirik (adenoma, fibroadenoma və s.).

- Xərçəng xəstəliyinin geniş yayılmasına səbəb nədir?

- Xərçəng xəstəliyi müxtəlif səbəblərdən yarana bilir. 1-ci yerdə duran əsas səbəb siqaret aludəçiliyidir. Bütün orqanlardakı şişlərin təxminən 30 faizdən çoxu, ağciyər xərçəngində isə 70-80 faiz səbəb siqaret çəkməklə bağlıdır. Tütünün tərkibində 50-yə qədər kanserogen maddə (xərçəng əmələ gətirən maddə) var. Eyni zamanda tütündə ağır metallar var ki, bu da maddələr mübadiləsini pozur, nəticədə xərçəng əmələ gətirə bilir. 35 faiz səbəb isə əhalinin qidalanma xüsusiyyətidir. Qidalanma xüsusiyyəti dedikdə, biz qidanın balanslı olmağından danışırıq. Yəni qidanın tərkibində xoşagəlməz maddələrin çoxluq təşkil etməsi, lazımlı maddələrin, vitamin, mineralların isə az olması səbəbindən düzgün qidalanmama baş verir. Həmçinin son zamanlar hazır qidalara çoxlu miqdarda konservantlar qatırlar ki, bunlar da orqanizmə mənfi təsir edir. Buna görə də, düzgün, normal qidalanma eyni zamandatəzə ev şəraitində hazırlanmış, heyvani yağlardan istifadəni azaltmaqla, bitki tərkibliqidaları artıraraq xərçəngdən qorunmaq mümkündür. Təsəvvür edin, xərçəng xəstəliyini yaradan səbəblərin başında siqaret və əhalinin düzgün qidalanmaması gəlir. Yəni insan 65 faiz xərçəng xəstəliyinə gedən yolu özü seçmiş olur. Yerdə qalan 30- 35 faiz səbəbin içərisində isə virus və bakterial infeksiyalar, irsi meyillik, kanserogen maddələr və s. yer tutur. Virus infeksiyalarından ən çox İnsan Papilloma Virusu (HPV) yayılıb. Bu uşaqlıq boynu, bəzən burun-udlaq xərçəngi yarada bilər. Bundan başqa Epiştey Bar dediyimiz virus var ki, bu da limfomaların, leykozun əmələ gəlməsinə səbəb olur. Hepatit B və Hepatit C virusları isə qaraciyər xərçənginə səbəb ola bilir. Mədədə yaşayan H.Pilori adlı bakteriya isə mədə xərçəngı törədə bilir.

İnsanlar çox zaman Xərçəng xəstəliyini ekoloji faktorlarla əlaqələndirirlər. Əslində isə ətraf mühit və ekoloji faktorlar xərçəng əmələ gətirən səbəblər arasında 7-8-ci sırada yer alır.

- Sağlam insanın gələcəkdə xərçəng olmaq riski nə qədərdir?

- Ümumiyyətlə, biz tibbdə praktiki sağlam insan anlayışını işlədirik. Xərçəng əmələ gətirən amillər birbaşa xərçəng əmələ gətirmir.Yalnız buna güclü ionlaşdırıcı şüalar səbəb ola bilər. Biz buna Çernobil qəzasından, Yaponiyada atom bombası partladıqdan sonra şahid olduq. Adətən, sağlam orqanizmdə Xərçəng xəstəliyi əmələ gəlmir. İnsanlar müayinələrdən vaxtında keçmirlər, sağlamlıqlarına biganə olurlar və nəticədə onlarda olan hər hansı xroniki xəstəlik inkişaf edir və xərçəng xəstəliyi əmələ gətirir. Xərçəng genetik faktorlardan da yarana bilir. Məsələn, Xərçəng xəstəliyi yaranmazdan əvvəl genlərdə bölünən hüceyrənin genetik aparatı dəyişir. Hüceyrələrimizdəki xromosomlarda xərçəngdən qoruyan genlərimiz var. Bəzən o genlərin çatışmaması və yaxud genin müxtəlif amillərin təsirindən blok olması nəticəsində hüceyrənin özünü xərçəngdən qorumaq mexanizmi pozulmuş olur, qısa müddətə genetik dəyişiklik gedir və xərçəng toxuması yarana bilir.

- Həkim, hazırda xərçəng xəstəliyinin hansı növləri daha çox yayılıb?

- Xərçəngin ən çox yayılan növü Ağciyər Xərçəngidir. Əsas səbəbi siqaret aludəçiliyidir. Kişilər arasında geniş yayılıb. Kişilər arasında yayılan digər ağır xəstəlik isə Prostat Xərçəngidir. Xanımlar arasında liderliyi Süd vəzi xərçəngi tutur. Qadınlar arasında yayılan digər xərçəng növü isə Uşaqlıq boynu xərçəngidir. Uşaqlıq boynu xərçənginin 95-98 faiz yaranma səbəbiİnsan Papilloma Virusudur (HPV). Onun da xüsusi tipləri var. Bəziləri xərçəng xəstəliyi, bəzisi isə kandiloma, popilloma kimiproblemlər yarada bilir. Daha sonra geniş yayılan xərçəng xəstəlikləri arasında mədə, yoğun bağırsaq xərçəngi kimi növləri sadalamaq olar.

- Süd vəzi xərçənginin ilkin əlamətləri nələrdir?

- Süd vəzi xərçənginin ilkin əlamətisüd vəzində ələ gələn düyünlərdir. Qadınların profilaktik müayinəsi zamanı aşkarlanır. 20 yaşını keçən hər bir qadın ayda bir dəfə mentrual tsiklin 5-7-ci günü duş qəbul etdikdən sonra öz süd vəzisini müayinə etməlidir. Süd vəzində, qoltuqaltında hər hansı düyün aşkarlanarsa, həkimə müraciət etmək lazımdır. Süd vəzi giləsində və ya dərisindəiçəriyə doğru batıqlıq,portağal qabığı kimi şişkinlik, süd vəzinin müəyyən hissəsinin qızarıb şişkinləməsi, qoltuqaltında düyün şişinirəli mərhələdə olmasından xəbər verir. Gecikmiş mərhələdə şiş toxuması dağılmağa meyilli olduğu üçün dağılmış şiş toxumasının yerində xora formalaşa bilir.

- Ələ gələn hər düyün xərçəng şişidir?

- Xeyr. Ələ gələn hər şiş xərçəng olmaya bilər. Mastopatiya, fibroadenoma, xoşxassəli kistalar və s. xərçəng şişi sayılmır. Ancaq xanımlar süd vəzilərdə dəyişiklik hiss etdikləri zaman mütləq həkimə müraciət etməlidirlər.

- Həkim, xanımlarımızı bu sahədə maarifləndirərdiniz. Nə qədər müddətdən bir müayinə olunmaq lazımdır?

- Süd vəzi göz ilə görünən, əl ilə müayinə olunan orqan olduğu üçün müayinəsi çox asandır, ucuz başa gəlir. 1-sibayaq qeyd etdiyim kimi hər bir qadın 20 yaşdan sonra ayda bir dəfə öz-özünü müayinə etməlidir. İldə bir dəfə 35 yaşa qədər USM müayinəsindən keçmək lazımdır. 35 yaşdan sonra isə təbii ki, problemi yoxdursa, ildə bir dəfə, əgər süd vəzi ilə bağlı problemi olubsa, həkim məsləhəti ilə daha tez-tez müayinədə olmalıdırlar. 35 yaşda ilk mammoqrafiya çəkilir. 35 yaşdan yuxarı qadınlar ildə 2 dəfə USM müayinəsi, həkim müayinəsi ilə birlikdə və 2 ildə bir dəfə 50 yaşa qədər mammoqrafiya müayinəsindən keçməlidirlər. 50 yaşdan 65 yaşa qədər ildə bir dəfə mammoqrafiya müayinəsi, 2 dəfə USM müayinəsi, həkim müayinəsi ilə aparılmalı və daha sonra ildə bir dəfə süd vəzi müayinəsi olunmalıdır.

- Süd vəzi və digər Xərçəng növlərindən qorunmaq mümkündür?

- Xərçəngdən əvvəlcədən qorunmaq mümkündür. Xərçəng daha çox xronik xəstəliklər fonunda yaranır. Xronik xəstəliklər vaxtında düzgün müalicə olunsa, bu zaman xərçəng riski aradan qalxır. Bu baxımdan mütləq xanımlar və bəylər müayinələrdə olmalıdırlar. Bir də qeyd etdiyim kimi zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Ən əsası düzgün qidalanmaq, idmanla məşğul olmaq məsləhətdir.Düzgün yuxu rejimini də unutmaq olmaz.

- Həkim, təəssüf ki, son dövrlərdə uşaqlar arasında xərçəng xəstəliyinin artdığını müşahidə edirik. Bunu nə ilə əlaqələndirərdiniz?

- Uşaq xərçəng xəstəliklərində çox zaman səbəb virus infeksiyaları və uşağın ana bətnində inkişafı zamanı baş verən genetik dəyişikliklərdir. Ananın keçirdiyi xəstəliklər, yediyi qidalar, içdiyi dərmanların təsirindən uşaqlarda onkoloji şişlər yarana bilər. Uşaqlar arasında leykoz və limfaxərçəng xəstəliyinə daha çox rast gəlinir. Son zamanlar belə xəstələrin artımı da müşahidə edilir. Tam səbəb məlum deyil.Qeyd etdiyim kimi səbəb olaraq virusları və genetik dəyişiklikləri göstərmək olar.

- Rəna xanım, tez-tez saytlarda “Bu bitki xərçəngin dərmanıdır”, “Xərçəngin müalicəsi üçün hər səhər bu qarışıqdan için” və s. tipli xəbər başlıqlarına rast gəlirik. Xərçəngin bitkilərlə müalicəsi mümkündürmü?

- Xərçəng xəstəliyini bitkilərlə müalicə etmək mümkün deyil. Yalnız xərçəngin müalicəsinə kömək məqsədilə “Ağ pixta” bitkisindən hazırlanan dərmandan istifadə etmək olar. Onu da tək qəbul etsələr heç bir faydası olmaz.

Çox istərdik ki, yalnız bir dərmanla bu qorxulu xəstəliyi yox etmək olsun. Müəyyən bitkinin tərkibindəki maddə xərçəng xəstəsinə faydalı ola, onun immunitetini gücləndirə, kimyaterapiyaya dözümlü edə bilər. Ancaq ümumilikdə xərçəng xəstəliyini yalnız bitkilərlə müalicə etmək mümkün deyil.

- Xərçəngin müalicəsindən danışaq...

- Xərçəngin müalicəsi xərçəngin növündən, mərhələsindən, xəstənin yaşından, sağlamlıq durumdan və əlavə şəxsi xüsusiyyətlərindən asılıdır. Xərçəngin müalicəsinin tək bir üsulu yoxdur, xəstələrə adətən müalicələr kombinasiyası və palliativ qayğı göstərilir. Müalicələr adətən əməliyyat, şüalanma, kimyaterapiya, immunoterapiya, hormon yaxud target terapiyası ilə aparılır.

Mən öz fəaliyyətimdə simptomatik müalicə üsulundan istifadə edirəm. Xərçəngin əsas müalicə üsulları kimyaterapiya, şüa müalicəsi ilə xüsusi onkoloji xəstəxanalar məşğul olur. Biz simptomatik müalicə ilə xəstələrə dəstək veririk. Nədir simptomatik müalicə? Müalicə müddətində xəstələrdə şişin inkişafına, aparılan müalicələrin ağırlaşmasına və yan təsirlərinə bağlı ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma halları, cərrahi əməliyyatdan, kimyaterapiyadan sonra ağrılar olur və biz bioloji tənzimləyici vasitələrlə həmin xəstələri reabilitasiya edir, vəziyyətini yaxşılaşdırır, immun sistemini gücləndiririk. Belə xəstələrdə müalicədən sonra uzun müddət şiş hüceyrələrinin yenidən inkişafına rast gəlinmir.

- Bəzən həkimlər xərçəng xəstələrinə ölüm vaxtı qoyurlar. Bu nə dərəcədə doğrudur?

- Bu sadəcə statistik rəqəmdir. Mənim çox ağır Süd vəzi xərçəngi xəstəm varidi. Xəstəlik hər yerinə yayılmışdı. Target müalicəsi (Hədəf müalicəsi) ilə 2 ay ömrünün qaldığını düşündüyümüz xəstəmiz sağaldı və uzun müddət yaşadı. Ona görə, onkologiyada həkim üçün proqnoz qoymaq olduqca çətindir. İnsan orqanizmində yağ, piy, bağ, vəzi, örtük toxuması kimi milyonlarla hüceyrələr var. Bu hüceyrələrin hər birindən xərçəng əmələ gələ bilər. Hər bir bir xərçəng növünün də müalicə üsulu, ömür göstəriciləri fərqlidir. Burada xəstəyə proqnoz qoymaq nisbidir.

- Həkim son olaraq insanlara xərçəng olmamaq üçün nə məsləhət görərdiniz?

- Təəssüf ki, hazırda dünyada 4 nəfərdən birinin ölüm səbəbi xərçəngdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insanlar xroniki xəstəliklərdən vaxtında müalicə olunsa, 40 faiz xərçəng olmaq riski aşağı enir. İnsanlara məsləhətim düzgün qidalansınlar, zərərli vərdişlərdən uzaq dursunlar, enerji içkiləri içməsinlər, idmanla məşğul olsunlar, profilaktik müayinələrdən keçsinlər.

Aysel Yaqubqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI